BAKI, 15 sentyabr. TELEQRAF

2026–2027-ci tədris ili Azərbaycan təhsil sistemində keyfiyyətin yüksəldilməsi, əlçatanlığın genişləndirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi, insan kapitalının inkişafı və təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması baxımından yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

O qeyd edib ki, yeni tədris ili üzrə açıqlanan göstəricilər təhsilin yalnız sosial siyasətin mühüm istiqaməti deyil, həm də Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının, iqtisadi rəqabət qabiliyyətinin və milli insan kapitalının formalaşdırılmasının əsas dayaqlarından biri olduğunu göstərir.

M.Vəliyevanın sözlərinə görə, Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü təhsil siyasətinin mərkəzində insan amili, vətəndaşların keyfiyyətli təhsil almaq imkanlarının genişləndirilməsi və gələcək nəsillərin müasir bilik və bacarıqlara yiyələnməsi dayanır:

"Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində təhsil ölkənin sosial-iqtisadi inkişafının, innovativ iqtisadiyyatın və güclü insan kapitalının formalaşdırılmasının fundamental istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Son illərdə təhsil infrastrukturunun yenilənməsi, müəllimlərin sosial və peşəkar inkişafının dəstəklənməsi, rəqəmsal texnologiyaların tədrisə inteqrasiyası, ali və peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması bu siyasətin sistemli xarakter daşıdığını göstərir. Təhsil sahəsinə dövlət qayğısı yalnız yeni məktəblərin və təhsil müəssisələrinin yaradılması ilə məhdudlaşmır. Burada əsas məqsəd müasir, təhlükəsiz və əlçatan təhsil mühitinin formalaşdırılması, təhsilin məzmununun yenilənməsi və hər bir uşağın keyfiyyətli təhsil almaq imkanının təmin edilməsidir".

Deputat vurğulayıb ki, bu baxımdan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı layihələr xüsusi əhəmiyyət daşıyır:

"Fondun təhsil sahəsində fəaliyyəti uzun illər ərzində məktəb infrastrukturunun yenilənməsindən tutmuş xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil imkanlarının genişləndirilməsinə, istedadlı gənclərin dəstəklənməsindən müasir təhsil mühitinin yaradılmasına qədər geniş istiqamətləri əhatə edib. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi və digər təhsil təşəbbüsləri ölkənin müxtəlif bölgələrində məktəb infrastrukturunun yaxşılaşdırılmasına mühüm töhfələr verib. Bu fəaliyyət dövlətin təhsil siyasətini tamamlayan mühüm ictimai-humanitar təşəbbüs kimi qiymətləndirilə bilər. Xüsusilə regionlarda yaşayan uşaqlar üçün müasir təhsil şəraitinin yaradılması sosial ədalət, bərabər imkanlar və insan kapitalının inkişafı baxımından mühüm nəticələr doğurur".

Mehriban Vəliyeva bildirib ki, 2026–2027-ci tədris ilində ölkənin bütün təhsil səviyyələri üzrə təqribən 2,2 milyon nəfərin təhsil alacağı, o cümlədən təxminən 124 min uşağın ilk dəfə məktəbə qədəm qoyacağı proqnozlaşdırılır:

"Təxminən 1,6 milyon şagirdi əhatə edən ümumi təhsil sistemi bu böyük strukturun əsas seqmentini təşkil edir. Bu miqyas dövlət qarşısında yalnız təhsil xidmətlərinin həcminin artırılması deyil, eyni zamanda onların keyfiyyətinin yüksəldilməsi, bərabər imkanların təmin edilməsi və müasir tələblərə cavab verən təhsil mühitinin formalaşdırılması kimi strateji vəzifələr qoyur. Azərbaycan dövlətinin təhsil siyasətində son illərin mühüm istiqamətlərindən biri təhsil infrastrukturunun yenilənməsi və müasir məktəb mühitinin yaradılmasıdır. Son 25 ildə 4 minədək məktəb binasının tikilməsi və ya əsaslı təmir olunması, 1 milyondan çox şagirdin təlim şəraitinin yaxşılaşdırılması bu istiqamətdə həyata keçirilən sistemli siyasətin miqyasını göstərir. 2026–2027-ci tədris ilində daha 37 təhsil müəssisəsinin fəaliyyətə başlaması, digər məktəblərdə tikinti, əsaslı təmir və layihələndirmə işlərinin davam etdirilməsi bu prosesin ardıcıl xarakter daşıdığını nümayiş etdirir".

O, azad edilmiş ərazilərdəki təhsil infrastrukturuna da toxunub:

"Bu siyasətin xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun qurulmasıdır. Yeni tədris ilində Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocavənd və Zəngilanı əhatə edən daha 15 təhsil müəssisəsinin fəaliyyətə başlaması Böyük Qayıdış prosesinin sosial məzmununu daha da gücləndirir. Qarabağ və Şərqi Zəngəzurda məktəblərin və digər təhsil müəssisələrinin yaradılması yalnız infrastruktur layihəsi deyil. Bu, insanların doğma torpaqlarına qayıdışının, yeni yaşayış məntəqələrində sosial həyatın formalaşdırılmasının və gələcək nəsillərin həmin ərazilərdə yetişdirilməsinin mühüm təminatıdır. Təhsil müəssisələrinin yaradılması Böyük Qayıdış siyasətinin ən mühüm sosial komponentlərindən biri kimi çıxış edir. Bu proses Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasətinin mahiyyətinə də tam uyğun gəlir. Qarabağ və Şərqi Zəngəzurda yolların, yaşayış məntəqələrinin, xəstəxanaların, məktəblərin, universitetlərin və digər sosial obyektlərin qurulması həmin ərazilərin yalnız fiziki deyil, həm də sosial və intellektual baxımdan dirçəldilməsini nəzərdə tutur. Bu baxımdan təhsil Qarabağın gələcəyinin formalaşdırılmasında strateji vasitələrdən biridir".

M.Vəliyevanın sözlərinə görə, təhsilin keyfiyyətinin yüksəldilməsi ilk növbədə müəllim amili ilə bağlıdır:

"Müasir məktəbin əsas dayağı yüksək peşəkarlığa malik, daim öz üzərində çalışan və yeni tədris metodlarına açıq müəllimdir. Bu baxımdan sertifikatlaşdırma mexanizminin genişləndirilməsi və onun nəticələrinin müəllimlərin əməkhaqqına təsir göstərməsi təhsilverənlərin peşəkar inkişafının stimullaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. 2026-cı ilin iyununda təxminən 20 min müəllimin ilk dəfə sertifikatlaşdırmada iştirak etməsi, nəticələr əsasında təxminən 90 min təhsilverənin əməkhaqqına əlavə tətbiq olunması müəllim əməyinin keyfiyyət göstəricilərinə əsaslanan stimullaşdırma mexanizmlərinin genişləndirildiyini göstərir. Bununla yanaşı, təxminən 6 min müəllimin işə qəbul müsabiqəsinin bütün mərhələlərini tamamlayaraq məktəblərdə fəaliyyətə başlaması təhsil müəssisələrinin peşəkar kadrlarla təmin olunmasına xidmət edir".

O, şagirdlərin fərdi qabiliyyətlərinin nəzərə alınması və dövlət dilinin mənimsənilməsi məsələlərini də vurğulayıb:

"Müasir təhsil siyasətinin digər mühüm istiqaməti şagirdlərin fərdi maraq və qabiliyyətlərinin nəzərə alınmasıdır. Tam orta təhsildə təmayül modelinin genişləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. X–XI siniflər üzrə təmayül tədris modelinin 14 pilot məktəbdən 90 ümumi təhsil müəssisəsinə, 13 şəhər və rayondan 46 şəhər və rayona qədər genişləndirilməsi şagirdlərin seçdikləri istiqamət üzrə daha gücləndirilmiş təhsil almasına imkan yaradacaq. Azərbaycan təhsil siyasətində dövlət dilinin mövqeyinin gücləndirilməsi də strateji xarakter daşıyır. Tədrisi digər dillərdə aparılan və təxminən 150 min şagirdi əhatə edən siniflərdə “Azərbaycan dili – dövlət dili kimi” fənninə ayrılan həftəlik saatların artırılması bu istiqamətdə mühüm addımdır. Dövlət dilinin yüksək səviyyədə mənimsənilməsi yalnız təhsil məsələsi deyil, həm də milli kimliyin, ictimai inteqrasiyanın və dövlətçilik dəyərlərinin möhkəmləndirilməsi baxımından mühüm amildir. Təhsilin məzmununun yenilənməsi istiqamətində dərslik siyasəti də mühüm yer tutur. Yeni tədris ili başlamazdan əvvəl 7 milyondan çox dərslik nüsxəsinin məktəblərə çatdırılması, 49 adda dərsliyin məzmununun müasir standartlar və beynəlxalq qiymətləndirmə yanaşmaları nəzərə alınmaqla yenilənməsi tədris materiallarının keyfiyyətinin yüksəldilməsinə yönəlmiş addımlardır".

Deputat rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının təhsilə tətbiqini diqqətə çatdırıb:

"Müasir dünyada təhsilin inkişafını rəqəmsal transformasiyadan kənarda təsəvvür etmək mümkün deyil. Azərbaycan da bu qlobal tendensiyaya uyğun olaraq rəqəmsal bacarıqların məktəblərdə inkişaf etdirilməsini prioritet istiqamətlərdən birinə çevirir. “Rəqəmsal bacarıqlar” layihəsinin əhatəsinin 771 məktəbdən 1001 məktəbə, şagird sayının isə 528 mindən 630 mindən çoxa çatdırılması rəqəmsal savadlılığın genişləndirilməsi baxımından mühüm göstəricidir. STEAM əsaslı tədrisin genişləndirilməsi də şagirdlərin innovativ düşüncə, yaradıcılıq, problem həll etmə və texnoloji bacarıqlarının inkişafına xidmət edir. “Rəqəmsal məktəb” platformasının 349 məktəbdən 550-dən çox məktəbə çatdırılması, Bakı ilə yanaşı Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir və Abşeronu əhatə etməsi rəqəmsal təhsil imkanlarının regionlara yayılmasına şərait yaradır. Süni intellektin təhsil prosesinə inteqrasiyası isə yeni mərhələnin ən diqqətçəkən istiqamətlərindən biridir. 44 mindən çox təhsilverən üçün Microsoft Copilot, Google Gemini və NotebookLM kimi süni intellekt alətlərinin təqdim edilməsi müəllimlərin yeni texnologiyalardan istifadə bacarıqlarının artırılmasına xidmət edir. OpenAI ilə adaptiv öyrənmə platforması üzrə əməkdaşlığa başlanılması isə süni intellektin təhsil prosesində fərdiləşdirilmiş öyrənmə imkanlarının genişləndirilməsi baxımından perspektivli istiqamətdir. Təhsil sənədlərinin rəqəmsallaşdırılması da dövlət xidmətlərinin müasir texnologiyalar əsasında yenidən qurulmasının mühüm nümunəsidir. 2026-cı ildə 356 mindən çox məzunun attestat və diplomunu ilk dəfə “myGov” vasitəsilə elektron formada əldə etməsi təhsil sənədlərinin təqdim edilməsində yeni mərhələnin başlanğıcını qoyub".

O, beynəlxalq qiymətləndirmələrə və ali təhsil göstəricilərinə də münasibət bildirib:

"Azərbaycan təhsil sistemində həyata keçirilən islahatların nəticələrinin beynəlxalq qiymətləndirmələrdə öz əksini tapması xüsusi əhəmiyyət daşıyır. PISA 2025 nəticələri bu baxımdan diqqətçəkən göstəricilər təqdim edir. Azərbaycanın hər üç istiqamət üzrə ən böyük irəliləyiş əldə edən ikinci ölkə olması təhsil sistemində həyata keçirilən tədbirlərin nəticə verdiyini göstərən mühüm göstəricilərdən biridir. Qarşıdakı mərhələdə oxu savadlılığının gücləndirilməsi və Bakı ilə regionlar arasındakı fərqin azaldılması prioritetlər sırasında olmalıdır. Ali təhsil sahəsində də əsas hədəflərdən biri əlçatanlığın artırılması ilə yanaşı, ali təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır. 2026–2027-ci tədris ilində ali təhsil müəssisələrinə 76 mindən çox abituriyentin qəbul olunması və 2022–2026 Strategiyasında nəzərdə tutulan illik 75 min qəbul hədəfinin vaxtından əvvəl yerinə yetirilməsi ali təhsilə çıxış imkanlarının genişləndirilməsinin göstəricisidir. Ali təhsilin beynəlmiləlləşdirilməsi də bu prosesin mühüm hissəsidir. INHA Universiteti, Ege Universiteti, İstanbul Texniki Universiteti, Vorvik Universiteti və Corc Vaşinqton Universiteti ilə həyata keçirilən ikili diplom proqramları Azərbaycan tələbələrinin beynəlxalq təhsil imkanlarını genişləndirir".

Mehriban Vəliyeva Qarabağ Universitetinin və peşə təhsilinin strateji rolunu vurğulayıb:

"Bu kontekstdə Qarabağ Universitetinin inkişafı xüsusi siyasi və strateji əhəmiyyət daşıyır. 2026–2027-ci tədris ili üzrə universitetə 49 ixtisas üzrə 1 235 tələbənin qəbul olunması, onların 603-nün 500 və daha yüksək, 196-nın isə 600 və daha yüksək bal toplaması Qarabağ Universitetinin qısa müddət ərzində akademik cəlbediciliyinin yüksəldiyini göstərir. Qarabağ Universiteti yalnız ali təhsil müəssisəsi deyil, işğaldan azad edilmiş ərazilərin yeni elmi, intellektual və innovasiya mərkəzlərindən biri kimi nəzərdə tutulur. Ali təhsil və elmdə yeni institusional təşəbbüslər də diqqət çəkir. SABAH proqramının 19 universitetdə 46 ixtisası əhatə etməsi, 2026–2027-ci tədris ilindən ilk dəfə SABAH tədris əsaslı doktorantura modelinin tətbiqinə başlanılması ali təhsildə keyfiyyət və elmi hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəlib. Peşə təhsilinin inkişafı da insan kapitalı siyasətinin mühüm istiqamətlərindən biridir. 2030-cu ilədək 21 yeni peşə təhsili müəssisəsinin tikilməsi və 2 müəssisənin əsaslı təmiri ilə bağlı planlar ölkənin əmək bazarının real tələblərinə cavab verən kadr hazırlığı sisteminin formalaşdırılmasına xidmət edir. Yeni peşə ixtisaslarının aqrar sektor, sənaye, logistika, tikinti və qida sənayesinin kadr ehtiyaclarına uyğunlaşdırılması təhsil ilə iqtisadiyyat arasında əlaqənin gücləndirilməsinin göstəricisidir".

M.Vəliyeva xaricdə təhsil proqramları və dövlətin inkişaf fəlsəfəsinə diqqət çəkib:

"İnsan kapitalının inkişafının beynəlxalq ölçüsü də Azərbaycanın təhsil siyasətində getdikcə daha çox ön plana çıxır. Xaricdə təhsilə dair Dövlət Proqramı çərçivəsində indiyədək 2 252 nəfərin təhsil almaq hüququ qazanması, 2026-cı ildə 500 gəncin qəbul olunması və onların 155-nin dünyanın ən nüfuzlu 10 universitetində təhsil alacaq olması Azərbaycan gənclərinin qlobal akademik mühitə inteqrasiyası baxımından mühüm göstəricidir. Bütün bu proseslərin arxasında Azərbaycan dövlətinin insan kapitalına əsaslanan inkişaf fəlsəfəsi dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə gənclərin bilik, peşə və bacarıqlarının inkişaf etdirilməsi ölkənin gələcək iqtisadi və sosial gücünün əsas şərtlərindən biri kimi nəzərdən keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsil sahəsində uzunmüddətli və məqsədyönlü fəaliyyəti isə bu dövlət siyasətinin humanist və sosialyönümlü məzmununu daha da gücləndirir".

Yekunda deputat nəticələri ümumiləşdirərək fikirlərini tamamlayıb:

"Heydər Əliyev Fondunun məktəb tikintisi və təhsil infrastrukturunun yenilənməsi ilə yanaşı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunmasına, onların sosial inteqrasiyasına, istedadlı uşaqların və gənclərin dəstəklənməsinə yönəlmiş layihələri təhsilin yalnız bilikvermə prosesi deyil, həm də sosial ədalət və bərabər imkanlar mexanizmi olduğunu nümayiş etdirir. Bu baxımdan dövlət siyasəti ilə Fondun humanitar təşəbbüslərinin vəhdəti Azərbaycan təhsil modelinin mühüm xüsusiyyətlərindən biridir. Ümumilikdə, 2026–2027-ci tədris ili üzrə təqdim olunan göstəricilər Azərbaycan təhsil sistemində kəmiyyət mərhələsindən keyfiyyət, innovasiya və nəticəyönümlü inkişaf mərhələsinə keçidin daha da sürətləndiyini göstərir. Məktəb infrastrukturunun yenilənməsi, müəllimlərin peşəkarlığının artırılması, təmayül təhsilinin genişləndirilməsi, dövlət dilinin tədrisinin gücləndirilməsi, rəqəmsal və STEAM bacarıqlarının inkişafı, süni intellektin təhsilə inteqrasiyası, ali təhsilin beynəlxalqlaşması və peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması vahid strateji yanaşmanın ayrı-ayrı istiqamətləridir. Azərbaycanın gələcək inkişafının əsas resurslarından biri məhz yüksək səviyyəli insan kapitalıdır. Təbii resursların iqtisadi və sosial inkişafa töhfəsi nə qədər əhəmiyyətli olsa da, müasir dünyada dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən başlıca amillərdən biri bilik, innovasiya və yüksək ixtisaslı insan resurslarıdır. Buna görə də təhsilə qoyulan sərmayə Azərbaycanın uzunmüddətli inkişafına, milli təhlükəsizliyinə və iqtisadi dayanıqlılığına qoyulan strateji sərmayədir. Bu baxımdan dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən təhsil siyasəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun təhsil və humanitar sahədəki çoxşaxəli fəaliyyəti bir məqsədə – bilikli, savadlı, vətənpərvər, müasir dünyanın çağırışlarına cavab verə bilən və ölkəmizin gələcək inkişafına töhfə verəcək nəsil yetişdirməyə xidmət edir. Əminliklə demək olar ki, 2026–2027-ci tədris ili Azərbaycan təhsilinin yeni keyfiyyət mərhələsinə keçidinin növbəti mühüm göstəricisidir. Qarşıda duran əsas vəzifə əldə olunan nailiyyətləri davamlı nəticələrə çevirmək, hər bir uşağın və gəncin potensialının üzə çıxarılmasına şərait yaratmaq, regionlar arasında təhsil imkanlarında fərqləri minimuma endirmək və Azərbaycanı bilik, innovasiya və insan kapitalı üzərində qurulan güclü gələcəyə doğru inamla aparmaqdır".