BAKI, 24 iyun. TELEQRAF

ABŞ Senatı Konqresin müvafiq icazəsi olmadan İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinin dayandırılmasını nəzərdə tutan hərbi səlahiyyətlər haqqında qətnaməni qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Məlumata görə, sənədi 50 senator dəstəkləyib, 48 senator isə əleyhinə səs verib. Qətnamənin lehinə demokrat senatorların demək olar ki, hamısı, həmçinin dörd respublikaçı səs verib.

Qətnaməyə əsasən, ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən rəsmi müharibə elan edilmədiyi və ya hərbi qüvvədən istifadəyə ayrıca icazə verilmədiyi təqdirdə, ABŞ Silahlı Qüvvələrini İrana qarşı döyüş əməliyyatlarından çıxarmalıdır.

Qeyd olunub ki, bu, ABŞ Senatında hərbi səlahiyyətlərlə bağlı belə bir qətnamənin ilk dəfə səs çoxluğu qazanmasıdır.

Xatırladaq ki, daha əvvəl CNN Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinə istinadən Pentaqonun İrana qarşı əməliyyatlara ən azı 40 milyard dollar xərclədiyini bildirmişdi.