BAKI, 15 mart. TELEQRAF
İsrail Baş naziri Binyamin Netanyahu hakimiyyətdə qaldığı müddətdə ölkə həmişə özünə düşmən axtaracaq.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Associated Press" agentliyinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, İsrail hökuməti bu yanaşmadan öz siyasi gündəliyini irəli aparmaq üçün istifadə edir.
“Netanyahu hakimiyyətdə qaldıqca İsrail həmişə kimisə düşmən kimi müəyyən edəcək. Bu, onların öz gündəmlərini irəli aparmaları üçün lazımdır. Əgər bu Türkiyə olmasa, regiondakı başqa bir ölkə seçiləcək”, - deyə Fidan bildirib.
Türkiyə XİN rəhbəri həmçinin İsrailin Suriyadakı fəaliyyətini tənqid edib. Onun sözlərinə görə, İsrailin Suriya ərazisində hərbi obyektlərə zərbələr endirməsi və ölkənin cənubunda əlavə ərazilərə nəzarəti ələ keçirməsi təhlükəsizliklə deyil, ərazi iddiaları ilə bağlıdır.
“Onlar orada təhlükəsizlik üçün deyil, ərazi üçündür. Bu ideyadan imtina etmədikcə Yaxın Şərqdə müharibə həmişə olacaq”, – deyə Fidan vurğulayıb.