BAKI, 19 yanvar. TELEQRAF
İran hakimiyyəti ABŞ-nin hər hansı hərbi zərbəsinin Tehranın sərt cavabı ilə nəticələnəcəyini bəyan edib. Bu açıqlama ölkədə baş verən kütləvi etirazlar və məhkəmə orqanlarının həmin hadisələrlə bağlı saxlanılan bəzi şəxslərin edam oluna biləcəyinə işarə etməsi fonunda səsləndirilib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, İran prezidenti Məsud Pezeşkian sosial şəbəkədə paylaşım edərək bildirib ki, Tehrana qarşı istənilən “ədalətsiz təcavüz” sərt və peşmanedici cavabla qarşılanacaq. O vurğulayıb ki, ölkənin ali rəhbərinə qarşı mümkün hücum bütövlükdə İran xalqına qarşı müharibə kimi qiymətləndiriləcək.
"Reuters"in yazdığına görə, regiondakı iranlı rəsminin açıqlamasına əsasən, ötən ay Tehranın Böyük Bazarı ətrafında başlayan və sonradan bütün ölkəyə yayılan etirazlar zamanı azı 5 min nəfər həlak olub. Ölənlər arasında təxminən 500 təhlükəsizlik əməkdaşının olduğu bildirilir. Etirazlar əsasən iqtisadi problemlərlə başlasa da, qısa müddətdə siyasi xarakter alıb və müxtəlif sosial təbəqələri əhatə edib.
ABŞ prezidenti Donald Tramp etirazçılara qarşı zorakılığın və edamların davam edəcəyi təqdirdə müdaxilə edə biləcəyi ilə bağlı dəfələrlə xəbərdarlıq edib. O, “Politico”ya müsahibəsində İranda yeni rəhbərliyin vaxtının çatdığını bildirib.
Eyni zamanda, İranın məhkəmə sistemi nümayəndələri iğtişaşlar zamanı saxlanılan bəzi şəxslərin edam edilə biləcəyini istisna etməyib. Məhkəmə sözçüsü Əsgər Cahangir mətbuat konfransında bildirib ki, müəyyən hərəkətlər “mohareb” - yəni “Allaha qarşı müharibə aparmaq” kimi qiymətləndirilir və bu, İran qanunvericiliyinə əsasən ölüm cəzası ilə cəzalandırıla bilər.
ABŞ-də fəaliyyət göstərən insan haqları təşkilatı HRANA-nın məlumatına görə, ölənlərin sayı 3 308 nəfərə çatıb, daha 4 382 hadisə isə araşdırılır. Təşkilat həmçinin 24 mindən çox insanın saxlanıldığını bildirib.
Yanvarın 18-də İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei Donald Trampı “cinayətkar” adlandırıb və minlərlə insanın ölümünü ABŞ və İsraillə əlaqəli “terrorçuların və iğtişaşçıların” fəaliyyəti ilə izah edib.
Məlumata görə, ən ağır toqquşmalar və ən çox itkilər ölkənin şimal-qərbində yerləşən kürd bölgələrində qeydə alınıb. "Reuters"in mənbələri bildirir ki, yanvarın ortalarında İraq ərazisindən bəzi silahlı kürd qruplarının İran sərhədini keçməyə cəhd etdiyi də müşahidə olunub.
Ölkədə internetə çıxış müvəqqəti olaraq qismən bərpa edilsə də, “NetBlocks” monitorinq qrupunun məlumatına görə, daha sonra yenidən kəsintilər baş verib. Sosial şəbəkələrdə yayılan və Reuters tərəfindən təsdiqlənən videolarda təhlükəsizlik qüvvələrinin ölkə üzrə etiraz aksiyalarını zorakılıqla dağıtması əks olunub.