BAKI, 21 sentyabr. TELEQRAF
Avropa kəşfiyyat xidmətlərinin rəhbərləri Rusiyanın yaxın aylarda NATO-ya qarşı daha qətiyyətli addımlar ata biləcəyi barədə xəbərdarlıq ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” Avropanın üç kəşfiyyat rəhbəri ilə müsahibələr əsasında yazıb.
Çexiyanın Təhlükəsizlik İnformasiya Xidmətinin (BIS) rəhbəri Mixal Koudelka bildirib ki, artan PUA fəallığı ilə yanaşı, Rusiya ilə həmsərhəd NATO ərazisinə məhdud müdaxilə də mümkün ssenarilər sırasındadır. Onun sözlərinə görə, belə ssenari “illər deyil, aylar” ərzində baş verə bilər.
Latviyanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Normunds Mejviets isə daha ehtiyatlı mövqe sərgiləyib. O bildirib ki, hazırda qaçılmaz hücuma dair əlamətlər görünmür. Bununla belə, Moskvanın Avropada daha qətiyyətli fəaliyyətə hazırlaşdığına dair müəyyən işarələrin olduğunu qeyd edib.
Nəşrin məlumatına görə, Avropa kəşfiyyat rəhbərləri Rusiyaya aid edilən təxribat fəaliyyətinin qarşıdakı aylarda güclənə biləcəyini də düşünürlər. İsveçin hərbi kəşfiyyat və təhlükəsizlik xidmətinin rəhbəri Tomas Nilsson xüsusilə kritik infrastruktur və müdafiə sənayesi ilə bağlı obyektlərə yönələn risklərə diqqət çəkib.
Kreml isə Rusiyanın NATO-ya hücum etməyə hazırlaşması ilə bağlı iddiaları rədd edir. Kremlin sözçüsü Dmitri Peskov belə məlumatların Rusiyanın niyyətləri ilə əlaqəsinin olmadığını bildirib.