BAKI, 21 sentyabr. TELEQRAF
Suriyanın şimalındakı Hələb şəhərinin kənarında yerləşən hərbi anbarda güclü partlayışlar baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Suriyanın “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Mülki Müdafiə Xidmətinin rəhbəri Feysəl Məhəmməd Əlinin sözlərinə görə, partlayışlar Hələbin Əl-İs rayonunda yerləşən hərbi anbarda sursatların detonasiyası nəticəsində baş verib.
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Lakin partlayışlar davam etdiyindən xilasedicilər və təcili tibbi yardım briqadaları hələlik hadisə yerinə yaxınlaşa bilmirlər.
Qeyd edək ki, sentyabrın 19-da Suriyanın şərqindəki Deyr əz-Zor şəhərində silah anbarında baş verən partlayış nəticəsində 11 hərbçi ölüb, 9 nəfər yaralanıb.
Sentyabrın 9-da isə İdlib vilayətinin Sərmada şəhəri yaxınlığındakı sursat anbarında baş verən partlayış 14 nəfərin həyatına son qoyub.