BAKI, 21 sentyabr. TELEQRAF

İngiltərə təmsilçisi “Sanderlend”in yarımmüdafiəçisi və İsveçrə millisinin kapitanı Qranit Caka saxta COVID-19 sertifikatları əldə etməkdə şübhəli bilinir.

Teleqraf xəbər verir ki, bu barədə İsveçrənin “Blick” nəşri məlumat yayıb.

33 yaşlı futbolçu ilə bağlı ölkəsinin hakimiyyət orqanları araşdırmaya başlayıb. Lütsern prokurorluğu faktla bağlı rəsmi istintaq açıb və Cakanı oktyabrın əvvəlində ifadə verməyə çağırıb. Futbolçu təqsirsizlik prezumpsiyasından yararlanır, lakin ittihamın təsdiqlənəcəyi təqdirdə onu 5 ilədək həbs cəzası gözləyə bilər.

Bununla yanaşı, Caka İsveçrə millisinin qarşıdakı oyunlarında iştirak etməyəcək. O, UEFA Millətlər Liqasında Şimali Makedoniya (26 sentyabr), Şotlandiya (29 sentyabr), Sloveniya (3 oktyabr) və yenidən Şimali Makedoniya (6 oktyabr) ilə keçiriləcək görüşləri buraxacaq.

İsveçrə Futbol İttifaqının prezidenti bu qərarla bağlı açıqlama verib:

“Dünən axşam Qranit Caka bizi vəziyyətdən xəbərdar etdi və bu məsələ ilə bağlı ictimaiyyət qarşısında danışmaq və məsuliyyəti üzərinə götürmək niyyətində olduğunu bildirdi. Qranitin bu addımını və vəziyyəti aydınlaşdırmaq istəyini alqışlayırıq. Eyni zamanda, ümumi qənaətə gəldik ki, komandanın toplanışını onsuz keçirmək daha məqsədəuyğundur.

Hazırda bizim üçün əsas məsələ vəziyyəti sakitləşdirmək və bütün diqqəti komandaya və Millətlər Liqasındakı qarşıdakı vəzifələrə yönəltməkdir. Milli komandaların bu oyun pəncərəsi başa çatdıqdan sonra Qranitlə birlikdə vəziyyəti yenidən qiymətləndirəcək və bundan sonrakı addımları müzakirə edəcəyik”.

Qeyd edək ki, Caka daha əvvəl saxta COVID-19 vaksinasiya sertifikatı hazırladığını etiraf edib.