"Bizə çox xoşdur ki, bu gün biz müqəddəs Gəncəsər Monastır Kompleksinə gəlmişik. Alban-Udi cəmiyyəti olaraq bu müqəddəs məkanı ziyarət və eləcə də dualarımızla şəhidləri yad etmişik. Çünki bu gün müqəddəs Məryəm Ananın Mövludu günüdür".
Bu fikirləri Teleqraf-ın Qarabağ bürosuna açıqlamasında Alban-Udi xristiyan dini cəmiyyətinin sədri Robert Mobili deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə mövcud olan bir çoxlu kilsələri ziyarət ediblər:
"Bu gün isə, Qafqaz Albaniyasının mirvarisi hesab edilən olan Gəncəsır Manastır Kompleksi ziyarət edirik. Son günlər yenə də Ermənistandakı revanşist qüvvələr Qafqaz Albaniyası dövrünə aid abidələri öz adlarına çıxırlar. Lakin bu mövzu da “Alban-Udi” sözü eşidən kimi boğazlarında "sümük" ilişib qalır. Maraqlıdır ki, onlar heç vaxt Bakıdakı erməni kilsəsi ilə maraqlanmırlar. Diqqət etsək görərik ki, onların maraq dairəsində ancaq Qarabağda olan kilsələr, tarixi yerlər, xristian irsinə aid abidələrdir. Ermənilər bu irslə gələcək nəsil üçün "gözəl bir şərait yaradıblar". Bu addımları ilə separatçı meyilləri bitirmək niyyətində olmadıqlarını göstərirlər.
Amma həqiqət ondan ibarətdir ki, Azərbaycanda mövcud olan Alban kilsələri Alban xristian irsinə aiddir. Bu irs birbaşa müstəqil Alban Apostol Avtokefal Kilsəsinin irsidir və çox zəngindir. Bu kilsələrin erməni kilsəsi ilə heç bir bağlantısı yoxdur".
Robert Mobili əlavə edib ki, Qarabağ işğaldan azad olunmaqla kilsələr də əsirlikdən qurtulub: "Bu kilsələrin qapıları açıqdır. Nəhayət Allah tərəfindən bizə böyük bir nemət verildi ki, gəlib öz doğma kilsələrimizdə ibadət edirik.
Onu da qeyd edim ki, Alban kilsəsinin bütün elementləri xalçalarda, qəbir daşlarının üzərində də görmək olar. Ermənilər xaçkarların onlara aid olması ilə bağlı absurd fikirlər irəli sürürlər. Lakin bunun heç bir tarixi, elmi əsası yoxdur. Çünki Azərbaycan ərazisində olan Alban məbədlərindəki xaçkarlar bizə aiddir, ermənilərin bununla yaxından-uzaqdan bağlılığı yoxdur. Reallığı danışaq ermənilər Azərbaycan torpaqlarında iki yüz ilə ərzində yaşayıblar. Həmin dövrdə onlar Alban kilsələrini istismar edib, özününküləşdirməyə cəhd ediblər. Bu illər ərzində ermənilərin cəmi 3 kilsəsi olub. Onun da birini Laçın işğal altında olarkən orada tikiblər. Bu da onu göstərir ki, ermənilər tarixən Azərbaycan ərazisində yaşamayıblar, sadəcə bölgədəki ictimai-siyasi vəziyyətlə əlaqədar köçürülüblər".
Robert Mobili alban-udi icması üçün yaradılmış şəraitə görə Azərbaycan xalqına və xüsusilə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.