BAKI, 21 sentyabr. TELEQRAF

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində indiyədək respublikanın regionlarında 93 min şəxs üçün kiçik ailə təsərrüfatı yaradılıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Ümumilikdə ölkə üzrə 115 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunaraq dövlət dəstəyi ilə şəxsi biznesini qurub.

Proqram çərçivəsində işsiz və işaxtaran şəxslərə istehsal, kənd təsərrüfatı və xidmət üzrə 30-dan çox iqtisadi fəaliyyət sahəsində mal və materiallar formasında aktivlər təqdim edilir.

Vətəndaşlara aktivlər verilməzdən əvvəl təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə edilməsi üzrə biliklər öyrədilir. Təlimləri uğurla bitirənlər biznes planlarına uyğun olaraq lazımi avadanlıqlarla təmin edilirlər.