BAKI, 21 sentyabr. TELEQRAF

ABŞ və Çin ticarət və süni intellekt (Sİ) məsələləri üzrə danışıqlar aparıb. Vaşinqton görüşü “çox uğurlu” qiymətləndirib.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent Nyu-Yorkda Çin nümayəndələri ilə keçirilən danışıqlardan sonra jurnalistlərə açıqlamasında bildirib. Görüşdə Çin tərəfini Baş nazirin müavini He Lifeng təmsil edib. Danışıqların ticarət və süni intellekt məsələlərini əhatə etdiyi digər mənbələr tərəfindən də təsdiqlənir.

Bessentin sözlərinə görə, tərəflər Pekində başlanmış müzakirələri davam etdirərək məsələlərin praktiki həlli istiqamətində irəliləyiblər.

Nazir bildirib ki, ABŞ və Çin süni intellekt sahəsində qarşılıqlı fəaliyyət üçün ayrıca mexanizmin yaradılmasını müzakirə ediblər. Yeni formatın “ABŞ-Çin Sİ dialoqu” adlandırılması nəzərdə tutulur.

Vaşinqton iki ölkə arasında süni intellektlə bağlı mümkün insident və təhdidlər barədə qarşılıqlı məlumatlandırma mexanizmi yaratmağı da təklif edib. Bessentin sözlərinə görə, məqsəd milli təhlükəsizlik səviyyəsində Sİ ilə bağlı risklər və hədəflər barədə ortaq yanaşmalar formalaşdırmaqdır.

ABŞ və Çin süni intellekt texnologiyalarının inkişafında dünyanın əsas gücləri sırasında yer alır və bu sahədə təhlükəsizlik məsələləri son danışıqların əsas mövzularından birinə çevrilib.