BAKI, 19 yanvar. TELEQRAF
ABŞ administrasiyası Böyük Britaniyada yaşayan yəhudilərə siyasi sığınacaq verilməsi imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti ABŞ Prezidenti Donald Trampın vəkili Robert Qarsona istinadən məlumat yayıb.
Onun sözlərinə görə, bu təşəbbüs Böyük Britaniyada antisemitizmin artması ilə bağlıdır.
“Böyük Britaniya artıq yəhudilər üçün təhlükəsiz ölkə deyil. Mən Dövlət Departamenti ilə prezidentin britaniyalı yəhudilərə ABŞ-də sığınacaq təklif edib-etməməsi məsələsini müzakirə etmişəm”, - deyə Qarson bildirib.
Mançesterdə anadan olan və 2008-ci ildə ABŞ-yə köçən hüquqşünasın sözlərinə görə, Böyük Britaniyada yəhudilərin gələcəyi yoxdur.
Qarson Böyük Britaniyada antisemitizmin artmasına görə məsuliyyəti ölkənin baş naziri Kir Starmerin üzərinə qoyub. Onun fikrincə, baş nazir antisemitizmə göz yumub və bunun açıq şəkildə adi hala çevrilməsinə imkan verib.
Hüquqşünas həmçinin demoqrafik dəyişikliklərin yaxın gələcəkdə Böyük Britaniyada şəriət qanunlarının tətbiqinə gətirib çıxara biləcəyi ehtimalını da səsləndirib.