BAKI, 23 dekabr. TELEQRAF
Almaniyanın Hessen əyalətinin Giessen şəhər mərkəzində avtomobilin avtobus dayanacağına çırpılması ilə nəticələnən hadisə ilə bağlı genişmiqyaslı polis əməliyyatı keçirilib.
Teleqraf xəbər verir ki, hadisə axşam saatlarında baş verib. İlkin məlumata görə, 32 yaşlı “Audi” markalı avtomobilin sürücüsü saat 16:30 radələrində işıqforda eyni istiqamətdə hərəkət edən iki avtomobillə toqquşub.
"Bild" qəzetinin məlumatına görə, toqquşmaya baxmayaraq, sürücü hərəkətini davam etdirib və az sonra bir neçə nəfərin gözlədiyi avtobus dayanacağına çırpılıb.
Polisin məlumatına görə, dayanacaq yaxınlığında olan bir qadın ağır xəsarət alıb. Sürücü də daxil olmaqla daha üç nəfər yüngül xəsarət alıb. Daha iki nəfərin xəsarətlərinin xarakteri isə ilkin mərhələdə dəqiqləşdirilməyib.
Hadisədən sonra polis ərazini mühasirəyə alıb. Sürücü daha sonra Höte küçəsindən Yohannes küçəsi istiqamətində hərəkət edərək avtomobili saxlayıb. Bildirilib ki, qəza yerləri arasındakı məsafə təxminən 200–300 metr olub. Qısa müddət sonra polis sürücünü saxlayıb.
Məlumata görə, saxlanılan şəxs Hessen əyalətinin Giessen şəhərində yaşayan 32 yaşlı Azərbaycan vətəndaşıdır.
Hessenin daxili işlər naziri hadisə ilə bağlı açıqlamasında siyasi və ya terror motivinin istisna edildiyini bildirib. Onun sözlərinə görə, mövcud məlumatlar sürücünün davranışının mümkün tibbi səbəblərlə əlaqəli ola biləcəyini göstərir. Bununla belə, Dövlət Cinayət Polisi İdarəsi araşdırmaları bütün istiqamətlər üzrə davam etdirir.
Rəsmi açıqlamada qeyd olunub ki, ən ağır xəsarət alan şəxsin yaralanması qəsdən avtomobili insanların üzərinə sürmək nəticəsində deyil, digər nəqliyyat vasitəsi ilə toqquşma zamanı baş verib. Sürücünün hadisə anında alkoqol və ya narkotik təsiri altında olub-olmadığı hələlik məlum deyil.
Ştat hökuməti yaralılara və onların ailələrinə başsağlığı verib. Daxili işlər naziri vurğulayıb ki, hadisənin Milad bayramı ərəfəsində baş verməsi xüsusilə üzücüdür və hazırda ictimaiyyət üçün təhlükə yoxdur.
Polis hadisənin şahidlərindən, eləcə də foto və video materialları olan şəxslərdən müstəntiqlərlə əlaqə saxlamalarını xahiş edib. Ərazi polis əməliyyatı müddətində nəzarət altında saxlanılıb. Hadisə yerinə yaxın Milad bazarının isə fəaliyyətini davam etdirdiyi bildirilib.