BAKI, 24 iyun. TELEQRAF
Azərbaycan beynəlxalq təşkilatlardakı fəallığı, enerji və nəqliyyat layihələri, eləcə də sülh təşəbbüsləri ilə orta güc statusunu praktikada təsdiqləyir.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, orta güc öz ölçülərinə və resurslarına nisbətdə beynəlxalq proseslərə təsir göstərə bilən dövlət deməkdir və Azərbaycan bu kateqoriyaya aid ölkələrdəndir:
“Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, Qoşulmama Hərəkatına uğurlu sədrliyi və COP29-a ev sahibliyi ölkənin qlobal səviyyədə artan rolunun göstəricisidir”.
Deputat vurğulayıb ki, Azərbaycan regional sülh gündəliyinin təşəbbüskarlarından biri olmaqla yanaşı, müxtəlif ölkələr arasında dialoq və vasitəçilik platforması kimi də çıxış edir.
O əlavə edib ki, ölkənin enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və humanitar yardım sahəsində fəaliyyəti regional sabitliyə və beynəlxalq əməkdaşlığa mühüm töhfə verir.
“Azərbaycan həm enerji, həm nəqliyyat, həm də diplomatik təşəbbüsləri ilə orta güc konsepsiyasının uğurlu nümunəsinə çevrilib”.