HAMBURQ, 24 iyun. TELEQRAF
Hamburqda yerləşən Airbus istehsal və montaj mərkəzi dünyanın ən böyük aviasiya komplekslərindən biri hesab olunur.
Teleqraf-ın Hamburqa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu şirkətin nümayəndəsi Daniel Verdunq deyib.
Onun sözlərinə görə, müəssisədə 18 min nəfər çalışır ki, bu da faktiki olaraq kiçik bir şəhəri xatırladır:
"Airbus-un A320 ailəsinə aid təyyarələrin son montaj və tamamlama işləri məhz bu mərkəzdə həyata keçirilir. Kompleksin ərazisində əməkdaşların istifadəsi üçün 6 restoran, 3 avtobus xətti fəaliyyət göstərir. Mərkəzin ərazisi 3.7 km²-dir. Bundan əlavə, müəssisənin öz aeroportu da var".
Daniel Verdunq qeyd edib ki, Azərbaycan Hava Yollarının (AZAL) ilk “Airbus A321neo” təyyarəsinin təhvil verilməsi mərasimi də həmin aeroportda baş tutacaq.
Qeyd edək ki, AZAL üçün nəzərdə tutulan A321neo təyyarəsi yeni nəsil mühərrikləri, yüksək yanacaq səmərəliliyi və sərnişin komfortu ilə seçilir. Təyyarənin yaxın vaxtlarda Azərbaycan aviaşirkətinin donanmasına qoşulacağı gözlənilir.