BAKI, 24 iyun. TELEQRAF
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) qanad konstruksiyalarında aşkarlanan çatlara görə 16 ədəd Airbus A380 sərnişin təyyarəsinin yoxlanılmasını tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, yoxlanılacaq təyyarələrdən 15-i "Emirates" aviaşirkətinə, biri isə Avstraliyanın "Qantas" aviaşirkətinə məxsusdur. EASA "Emirates"ə məxsus beş təyyarənin növbəti uçuşundan əvvəl təcili yoxlanılmasını tələb edib. Qalan 11 təyyarənin isə 13-cü uçuşunu, yəni 25-ci qalxma-enmə dövrünü tamamlamazdan əvvəl yoxlanılması nəzərdə tutulur.
"Airbus" şirkətindən bildirilib ki, EASA-nın göstərişi ilə aparılan yoxlama zamanı təyyarələrdən birinin qanadının daxili konstruksiyalarında qanadın struktur bütövlüyünü poza biləcək çatlar aşkarlanıb. Bundan sonra eyni istehsal tarixçəsinə malik bütün Airbus A380 təyyarələri müəyyən edilərək onların təcili inspeksiyasına qərar verilib.
Qeyd edək ki, Airbus A380 modeli 2004–2021-ci illərdə istehsal olunan dünyanın ən böyük sərnişin təyyarəsidir. EASA daha əvvəl də 2019-cu ildə çatların yaranması riski səbəbindən 25 Airbus A380 təyyarəsinin qanadlarının yoxlanılmasını tövsiyə etmiş, 2021-ci ildə isə bəzi təyyarələrdə mikroçatların aşkarlanmasından sonra bu model üzrə bütün istismarda olan təyyarələrin genişmiqyaslı yoxlanılmasını tələb etmişdi.