SABİRABAD, 24 iyun. TELEQRAF
"Tikinti və yenidənqurma tədbirləri ilə yanaşı 2025-ci il ərzində istismar planına əsasən su təsərrüfatı obyektlərində aparılmış əsaslı təmir işləri çərçivəsində ölkə üzrə 55 kilometrdən artıq kanal beton üzlüyə alınmış, 10,4 kilometrdən çox boru kəməri yenilənmiş, 2813 metr daş-beton bənd əsaslı təmir edilmiş, 204 subartezian quyusu əsaslı təmir olunmuşdur".
Teleqraf-ın Sabirabada ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə deyib.
Agentlik sədrinin sözlərinə görə, cari təmir planı çərçivəsində 6378 subartezian quyusu, 842 nasos stansiyası və 2779 hidrotexniki qurğuda təmir işləri aparılıb, 31 milyon kubmetr həcmində suvarma kanalı və 10 milyon kubmetrə yaxın kollektor-drenaj şəbəkəsi lildən təmizlənib. Bundan əlavə, 10 milyon kubmetrə yaxın çay məcrasında tənzimləmə işləri yerinə yetirilib:
"Burada bir məqamı da xüsusi olaraq qeyd etmək istərdim. Su ehtiyatlarının səmərəli idarə olunması sahəsində dövlət nəzarəti, monitorinq və qanunvericiliyə riayət olunması xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılmışdır. Xidmətin əsas fəaliyyət istiqaməti su ehtiyatlarının düzgün, səmərəli və qanunvericiliyə uyğun istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsidir.
Bu çərçivədə mənbələrdən su ehtiyatlarının götürülməsi qaydalarına əməl olunması, müxtəlif xarakterli çirklənmələrdən qorunması və ekoloji tarazlığın saxlanılması, su limitlərinə dəqiqliklə əməl olunması, su itkilərinin qarşısının alınması da əsas prioritetlər sırasındadır".