BAKI, 24 iyun. TELEQRAF
ABŞ-nin "Pew Research Center" analitik mərkəzinin keçirdiyi sorğuya əsasən, 36 ölkədə respondentlərin orta hesabla yalnız 23 faizi ABŞ Prezidenti Donald Trampin beynəlxalq siyasəti idarə etməsinə etibar etdiyini bildirib.
Teleqraf xəbər verir ki, araşdırmaya görə, respondentlərin 76 faizi Trampa etibar etmədiyini qeyd edib. Analitik mərkəz vurğulayıb ki, bir çox ölkədə ABŞ prezidentinə etimad ötən illə müqayisədə azalıb.
Sorğunun nəticələrinə əsasən, iştirakçıların orta hesabla 57 faizi ABŞ-a müsbət münasibət bəslədiyini, 37 faizi isə ölkəyə mənfi yanaşdığını bildirib.
Bundan başqa, respondentlərin 47 faizi ABŞ-ı etibarlı tərəfdaş hesab etdiyini, 50 faizi isə əks fikirdə olduğunu deyib. Sorğu iştirakçılarının 35 faizi ABŞ-ın dünya üzrə sülh və sabitliyin qorunmasına töhfə verdiyini düşünür, 63 faizi isə bu fikirlə razılaşmayıb. Eyni zamanda, respondentlərin 32 faizi Vaşinqtonun digər dövlətlərin maraqlarını nəzərə aldığını hesab etsə də, 66 faizi bununla razılaşmayıb.
Qeyd edək ki, araşdırma çərçivəsində 36 ölkədə 42 mindən çox respondent arasında sorğu keçirilib.