SABİRABAD, 24 iyun. TELEQRAF

Sabirabad rayonunda 2016-cı illə müqayisədə 2025-ci ildə pambıq əkin sahələri 2 dəfəyə yaxın, məhsul istehsalı 5 dəfə, hər hektardan məhsuldarlıq isə 3 dəfə artıb.

Teleqraf-ın Sabirabada ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Sabirabad rayon icra hakimiyyətinin başçısı Sirəqəddin Cabbarov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə deyib.

İcra başçısının sözlərinə görə, 2016-cı ildə əkin sahələri 6113 hektar, məhsul istehsalı 7713 ton, hər hektardan məhsuldarlıq 12,06 sentner olmuşdursa, 2025-ci ildə 11086 hektarda pambıq əkilmiş, 37505,5 ton pambıq toplanaraq emal müəssisələrinə təhvil verilmiş, məhsuldarlıq isə hər hektardan 33,8 sentner olub:

"2025-ci ildə fermerlərin pul gəliri 37 milyon manatdan çox olmuş, onlara dövlət tərəfindən 7,2 milyon manat subsidiya verilmişdir. 2025-ci ildə pambıq yığımı 3597 ton çox olmuş, hər hektardan məhsuldarlıq isə 8,2 sentner artmışdır.

2025-ci ildə bir neçə fermer isə pambıq əkinindən hər hektardan 60 sentnerdən yuxarı məhsul tədarük etmişdirlər. Belə ki, Minbaşı kəndində Ramal Süleymanov 62,9 sentner, Sarxanbəyli kəndindən Emil Dövlətov 62,8 sentner, Moranlı kəndindən Zahir İsparov 61,3 sentner məhsul toplamışlar və belə fermerlərimiz onlarladır.

Məmnunluq hissi ilə bildirirəm ki, pambıq əkinlərinin artması hesabına rayonda fəaliyyət göstərən illik 32 min ton emal gücü olan 2 pambıq zavodunda və 54 min ton gücü olan 6 pambıq qəbulu məntəqəsində hazırda daimi 413 nəfər, mövsümü isə 519 nəfər işçi çalışır. Məlumunuz olduğu kimi 2025-ci ildə oktyabr ayının 28-də cənab Prezidentin rayona səfəri zamanı Sabirabad Sənaye Məhəlləsində açılışı olan müəssisələrdən biri də illik 20 min ton emal, 10 min ton pambıq qəbulu gücü olan “Taşobası” MMC-nin zavodu olmuşdur".

Sirəqəddin Cabbarov qeyd edib ki, cari ildə 1550 mülkiyyətçi ilə 7 pambıq şirkəti tərəfindən müqavilələr bağlanmış və 11024 hektar sahədə pambıq əkilərək aqrotexniki qaydada becərilir:

"İşlərin gedişi onu deməyə əsas verir ki, cari ildə rayonda həm pambıq tədarükü və həm də məhsuldarlıq artacaq. Ölkə Prezidenti tərəfindən pambığın hər hektardan məhsuldarlığının 50 sentnerə çatdırılması bir vəzifə olaraq qarşımıza qoyulmuşdur. Hesab edirəm ki, ötən illərin təcrübəsi, pambıqçılığın inkişafı ilə bağlı yaradılan hərtərəfli şərait, eləcə də dövlət tərəfindən göstərilən maliyyə və digər zəruri dəstək nəticəsində qarşımıza qoyulan hədəflərə nail olunacaq".