BAKI, 24 iyun. TELEQRAF
İspaniya Baş naziri Pedro Sançes məhkəmənin həyat yoldaşı Beqonya Qomes barəsində seçdiyi qətimkan tədbirlərinə sərt münasibət bildirib.
Teleqraf xəbər verir ki, o, məhkəməni həddi aşmaqda ittiham edib.
İyunun 20-də hakim Xuan Karlos Peynado baş nazirin həyat yoldaşı ilə bağlı məhkəmə araşdırmasının başlanmasına qərar verib. Qətimkan tədbiri kimi onun pasportunun müsadirə olunması və ölkə ərazisini tərk etməsinin qadağan edilməsi qərara alınıb.
Sançes parlamentdə çıxışı zamanı bildirib ki, Qomesə qarşı aparılan istintaq prokurorluğun mövqeyinə baxmayaraq davam etdirilib. Baş nazir qeyd edib ki, həyat yoldaşına qarşı seçilən qətimkan tədbirləri bütün məqbul hədləri aşır.
İspaniya hökumət başçısının həyat yoldaşına qarşı istintaq 2024-cü ildə başlanıb. O, dövlət vəsaitlərini mənimsəməkdə, nüfuzundan istifadə etməkdə, qanunsuz mənimsəmədə və biznes sahəsində korrupsiyada şübhəli bilinir.
Prokurorluq işin bağlanmasını tələb edərək, məhkəmə araşdırmasının başlanması barədə qərar qəbul ediləcəyi təqdirdə, şübhəli şəxslər üçün bəraət hökmü çıxarılmasına çalışacağını açıqlayıb.
Öz növbəsində, Beqonya Qomesə qarşı iddia qaldırmış “Hazte Oir” Assosiasiyası onun 24 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.