SABİRABAD, 24 iyun. TELEQRAF
150 milyon manatlıq investisiya layihəsi çərçivəsində pambıq-iplik, parça, o cümlədən boyanmış parça və hazır tekstil məhsulları istehsal ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirin müavini Səməd Bəşirli Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirədə deyib.
O qeyd edib ki, layihə çərçivəsində 2000-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur:
“Bu müəssisələr yalnız yeni istehsal gücləri deyil, eyni zamanda pambıq mahlıcından hazır tekstil məhsullarının vahid istehsal zəncirinin ölkə daxilində formalaşdırılmasına xidmət edir. Azərbaycanda pambıq əsasında mahlıc, iplik, parça və hazır tekstil məhsullarını əhatə edən vahid sənaye dəyər zəncirinin formalaşdırılması istiqamətində mühüm institusional və istehsal bazası yaradılıb”.
S.Bəşirli əlavə edib ki, qarşıdakı dövrdə əsas vəzifə mövcud xammal və istehsal potensialını daha səmərəli istifadə etməklə, pambıq əsasında formalaşan dəyər zəncirini dərinləşdirməkdir:
"Bu yanaşma yerli xammalın istehsalının səmərəliliyinı yüksəldiləcək, digər tərəfdən isə yeni sənayə müəssisələrinin yaradılmasına, ixrac yönümlü istehsalın genişləndirilməsinə və regionların dayanıqlı məşğulluğunun artırılmasına mühüm töhfə verəcək".