SABİRABAD, 24 iyun. TELEQRAF
Pambıqçılıqda məhsul subsidiyalarının davam etdirilməsi və mahlıcın beynəlxalq bazarlarda dəyişkən qiymətlərindən yaranan risklərin azaldılması üçün sığorta mexanizmlərinin hazırlanaraq tətbiq edilməsi nəzərdə tutulur. Bu mexanizmlər həm fermerlərin, həm də pambıqçılıq şirkətlərinin gəlirlərinin sabitliyinin qorunmasına, istehsal planlaşdırmasının daha etibarlı aparılmasına imkan verəcək.
Teleqraf-ın Sabirabada ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə deyib.
Onun sözlərinə görə, pambıq emalı sahələrinin inkişafı məqsədilə yeni iplik, parça və tekstil müəssisələrinin qurulması üçün emal avadanlıqlarının alınmasının dəstəklənməsi, eləcə də istehsal edilən pambıq ipliyinin daxili emal sənayesinə yönləndirilməsinin təşviq edilməsi nəzərdə tutulur:
"Bu yanaşma pambığın yalnız xammal kimi ixrac olunmasının qarşısını almağa, əlavə dəyər zəncirinin ölkə daxilində genişləndirilməsinə və sənayenin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.
Dövlət proqramı çərçivəsində həyata keçiriləcək tədbirlər pambıqçılığın inkişafında yeni mərhələnin əsasını formalaşdıracaqdır. Proqramın icrası nəticəsində məhsuldarlığın artırılması, istehsal xərclərinin optimallaşdırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, fermer gəlirlərinin yüksəldilməsi və emal sənayesinin xammal bazasının gücləndirilməsi təmin olunacaq.
Bu proqram pambıqçılığın yalnız ilkin kənd təsərrüfatı məhsulu kimi deyil, bütövlükdə aqrar-sənaye və tekstil zəncirinin mühüm tərkib hissəsi kimi inkişafına şərait yaradacaq. Nəticədə ölkəmizdə pambıqçılıq daha məhsuldar, daha rəqabətqabiliyyətli və daha dayanıqlı sahəyə çevriləcək, regionlarda məşğulluğun artmasına, ixrac imkanlarının genişlənməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək".
Zeynal Nağdəliyev xüsusi qeyd edib ki, artıq pambıq əkini ilə bağlı ixtisaslaşmış 15 şirkət bu işləri müvəffəqiyyətlə aparırlar: "Onlar kənar müdaxilə olmadan müstəqil surətdə əkin torpaqlarını müəyyən edir, fermerlərlə müqavilələr bağlayırlar. Bu proses artıq təbii bir hal alıb və onlar öz işlərini bilirlər.
Heç şübhə yoxdur ki, aparılacaq müzakirələr, pambıqçılıqda qarşıya qoyulmuş hədəflərə çatmaq üçün icra mexanizmlərinin dəqiqləşdirilməsinə və qarşıdakı illərdə bu sahədə daha yüksək nəticələrin əldə olunmasına təkan verəcək".