BAKI, 23 iyun. TELEQRAF

İranın yenidən qurulması üçün vəsaitin ayrılması təhlükəsizlik məsələlərinin həllindən asılı olacaq və bu kapital qoyuluşu Amerika hökuməti tərəfindən edilməyəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Yaxın Şərq turnesi çərçivəsində səfər etdiyi Əbu-Dabidə bildirib.

“Bu, çox uzaq gələcəkdə baş verəcək. Bu, İranın rəhbərliyinin terror ixrac edən inqilabi hərəkat deyil, bir dövlət qurmaq istəyəcəkləri təqdirdə müzakirə oluna bilər”, - deyə o, ərəb ölkələrinin Tehranın xeyrinə investisiya fondunun yaradılmasında iştirak perspektivlərini şərh edərkən bildirib.

“Əgər onlar (İran hakimiyyəti – red) qeyd etdiyim seçimi etsələr, imkanlar əldə edəcəklər. Və bu imkanlara investisiyalar da daxil ola bilər. Regiondakı digər ölkələr investisiyalardan faydalandığı kimi, birbaşa xarici investisiyalar da İrana cəlb edilə bilər. Bu, yaxın günlərdə həll edilməli olan bir sıra təhlükəsizlik məsələlərində irəliləyişdən asılı olacaq”, - deyə ABŞ dövlət katibi bildirib.

Qeyd edək ki, İranın yenidən qurulması üçün investisiya fondunun yaradılması Vaşinqton və Tehran tərəfindən imzalanmış anlaşma memorandumunda nəzərdə tutulub. Məlumata görə, özəl investisiya fondunun həcmi 300 milyard dollar olacaq və bu məbləğin yarıdan çoxu artıq investor öhdəlikləri ilə təmin edilib. Qeyd edilib ki, bu maliyyə mexanizmi dövlət maliyyələşdirməsini və ya qrantları əhatə etmir; vəsaitlər özəl sektor tərəfindən təmin ediləcək. İnvestorlar arasında ABŞ, Fars körfəzi, Asiya, Cənubi Amerika və Afrikadan olan şirkətlər var.