Avstraliyanın Bondi bölgəsində törədilən terror aktında şübhəli bilinən ata-oğul Sajid və Naveed Əkrəmlər Filippində olduqları dörd həftə ərzində yalnız Davao şəhərində qalıb və demək olar ki, hoteldən çıxmayıblar.
Teleqraf xəbər verir ki, Filippin polisi və hotel əməkdaşlarının bildirdiyinə görə, şübhəlilər 1-28 noyabr tarixlərində Davao şəhərindəki "GV Hotel"də eyni otaqda qalıblar. Onlar hoteldən yalnız qısa müddətə, təxminən bir saatlıq çıxıb geri qayıdıblar, digər qonaqlarla ünsiyyət qurmayıblar və heç bir ziyarətçi qəbul etməyiblər.
Hotelin əməkdaşı Jenelyn Sayson bildirib ki, Əkrəmlər şübhəli davranış nümayiş etdirməyib. Onun sözlərinə görə, ata və oğul əvvəlcə yeddi günlük qalma üçün onlayn rezervasiya etsələr də, müddəti dəfələrlə uzadaraq noyabrın 28-dək hoteldə qalıblar. Onlar şəhərdən kənara çıxmayıblar və şəxsi nəqliyyat vasitələri olmayıb.
Filippinin milli təhlükəsizlik müşaviri Eduardo Anyo da ata və oğulun Davao şəhərindən kənara çıxdıqlarına dair sübut olmadığını bildirib. O, onların ölkədə terror və ya hərbi təlim keçməsi ilə bağlı iddiaları təkzib edib.
“Adi səfər terror hazırlığı iddialarını təsdiqləmir. Onların qalma müddəti də hər hansı ciddi və planlı təlim üçün yetərli olmayıb”, - deyə Anyo qeyd edib və Filippinin bu məsələdə Avstraliya tərəfi ilə əməkdaşlıq etdiyini vurğulayıb.
Xatırladaq ki, 24 yaşlı Naveed Əkrəm Avstraliyada yəhudi Hanuka tədbiri zamanı atəş açmaqda ittiham olunur. Hadisə nəticəsində 16 nəfər ölüb. Onun atası Sajid Əkrəm isə polis ilə qarşıdurma zamanı öldürülüb. Avstraliya polisi hadisəni terror aktı kimi qiymətləndirir.