ANKARA, 18 dekabr. TELEQRAF

Bu gün Türkiyədə Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumu başlayıb.

Teleqraf-ın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, Türk dünyasının media, informasiya və rəqəmsal kommunikasiya sahələrində kollektiv imkanlarını artırmaq məqsədi ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından nümayəndələrin iştirakı ilə Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumu təşkil olunur.

Forumun məqsədi türk dövlətləri arasında effektiv ünsiyyət platforması yaratmaq və yuxarıda adı çəkilən ölkələrin yüksək səviyyəli informasiya rəsmilərini, eləcə də media nümayəndələrini, akademikləri, kommunikasiya mütəxəssislərini və jurnalistləri bir araya gətirməklə dezinformasiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirməkdir. İnformasiya sahəsində OTS 2025 Fəaliyyət Planına uyğun olaraq, Forum həmçinin media savadlılığının artırılmasında qarşılıqlı bilik və təcrübə mübadiləsini, eləcə də informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, rəqəmsal texnologiyalardan məsuliyyətli istifadə, beynəlxalq yayım və yeni nəsil jurnalistika kimi mövzularda effektiv dialoq platformasının yaradılmasını asanlaşdıracaq.

Qeyd edək ki, forum 18 və 19 dekabr tarixlərində keçirilir.