BAKI, 18 dekabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibə və sülh planı ilə bağlı son bəyanatları göstərir ki, Kreml maksimalist məqsədlərindən geri çəkilməyib və gələcəkdə təcavüzü bərpa etmək üçün təhlükəsizlik zəmanətləri olmayan sülh sazişinə can atır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Vladimir Putin dekabrın 17-də bəyan edib ki, əgər Kiyev və Qərb məzmunlu müzakirələrdən imtina edərsə, Rusiya tarixi torpaqlarını (Ukrayna ərazilərini nəzərdə tutur – red.) hərbi vasitələrlə alacaq.

ISW qeyd edir ki, Putinin bu bəyanatı müharibənin davam etməsinə görə məsuliyyəti Rusiyanın üzərindən Ukraynaya atmaq məqsədi daşıyır.

Rusiya liderinin açıqlaması həm də göstərir ki, o, ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif olunan 28 bəndlik sülh planına əsaslanan heç bir sülh sazişindən razı qalmayacaq və əməliyyatların istənilən formada dayandırılmasından sonra belə, öz məqsədlərinə nail olmağa çalışacaq.

“Kremlin 28 maddəlik planın bəzi elementlərinə zidd olan təkrarlanan bəyanatları Putinin hətta bu ilkin razılaşmanı belə qəbul etməyə hazır olduğunu şübhə altına alır və Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərinin istənilən razılaşmanın uzunömürlü olması baxımından nə qədər vacib olduğunu göstərir”, - təhlildə vurğulanır.

Kreml dəfələrlə açıq şəkildə belə təhlükəsizlik zəmanətlərini rədd edib, xüsusilə də Ukraynada Qərb hərbi kontingentlərinin yerləşdirilməsinə qəti şəkildə qarşı çıxır.

ISW-nin qənaətinə görə, Kreml gələcəkdə Ukraynaya qarşı təcavüzü bərpa etməyə şərait yaratmaq məqsədilə təhlükəsizlik zəmanətləri olmayan bir sülh sazişi əldə etməyə çalışır: “Bu isə Putinin maksimalist hərbi məqsədinə - Ukrayna üzərində tam və effektiv nəzarətin qurulmasına xidmət edir”.