ANKARA, 18 dekabr. TELEQRAF
"2022-ci ildə yaradılan Dezinformasiya ilə Mübarizə Mərkəzində bu günə qədər 2500-ə yaxın dezinformasiya aşkar etmişik".
Teleqraf-ın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə Respublikası Prezident Aparatının Kommunikasiya rəhbəri Burhanəddin Duran Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Mərkəzdə türk dünyasına yönəlik bir neçə xəbər də ifşa edilib.
"Buna İkinci Qarabağ müharibəsi zamanı ortaya çıxardığımız ifşa xəbərini misal göstərə bilərik. Bununla biz də öz dəstəyimizi göstərdik. Süni intellektlə həqiqiyə bəzədilən yalan xəbərlər ortaya çıxarıla bilir. Bunun üçün də ortaq çalışmaq vacibdir. Birlikdə çalışaraq bu problemləri həll edə bilərik", -o əlavə edib.
Qazaxıstan bir neçə təklif irəli sürüb
Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov bildirib ki, Qazaxıstanda dezinformasiyaya qarşı mübarizə dövlət siyasətinin daim prioritet istiqamətlərindən biridir.
"Ölkə qanunvericilik bazasını, normativ-hüquqi aktları, rəqəmsal kommunikasiya sistemlərini və onlayn platformaları davamlı şəkildə təkmilləşdirir. Son iki il ərzində kütləvi informasiya vasitələri, onlayn platformalar və onlayn təhsil haqqında yeni qanunlar qəbul edilib", - o əlavə edib.
Onun sözlərinə görə, bugünkü informasiya ekosistemi mahiyyət etibarilə sərhədlərarası xarakter daşıyır:
"Bu da onu xarici təsirlərə qarşı həssas edir. Belə şəraitdə dezinformasiya və manipulyativ praktikalarla mübarizə koordinasiyalı fəaliyyət tələb edir. Qazaxıstan Türk dövlətləri arasında dezinformasiyaya qarşı mübarizədə praktik əməkdaşlığın genişləndirilməsini dəstəkləyir. Biz məlumatların yoxlanılması üzrə vahid standartlara riayət edilməsini, dağıdıcı informasiya kampaniyalarına qarşı mübarizədə qabaqcıl təcrübələrin intensiv mübadiləsini və böhran vəziyyətlərində informasiya təhdidlərinə cavab tədbirlərinin əlaqələndirilməsini təklif edirik. Eyni zamanda müvafiq qurumlar arasında qarşılıqlı əlaqənin gücləndirilməsi, dövlətlərarası kommunikasiyanın etibarlılığının təmin edilməsi də mühüm əhəmiyyət daşıyır. Türk dünyasının dezinformasiyaya qarşı mübarizədə kollektiv potensialını artırmaq məqsədilə bir sıra praktiki tədbirlər həyata keçirilməlidir. İlk növbədə, dezinformasiyanın monitorinqi üçün vahid ekspert platformasının yaradılmasını, şəbəkə-analitik əks-tədbirlərin inkişafı üzrə müntəzəm tədqiqatların aparılmasını və yeni mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlığın gücləndirilməsini təklif edirik".
"Tərəfdaşlığımız və siyasi həmrəyliyimiz getdikcə daha da möhkəmlənir"
Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti nazirinin müavini Marat Tagaev qeyd edib ki, Türk Dövlətləri Təşkilatı qısa müddət ərzində regionda ən nüfuzlu və dinamik inkişaf edən çoxtərəfli qurumlardan birinə çevrilib:
"Üzv dövlətlərin strateji tərəfdaşlığı və siyasi həmrəyliyi getdikcə daha da möhkəmlənir. Mövcud geosiyasi və qlobal çağırışlar fonunda Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq keyfiyyətcə yeni və daha yüksək mərhələyə yüksəlib. Bu, türk dünyasında kommunikasiya və media sahəsində qarşılıqlı əlaqənin gücləndirilməsi baxımından mühüm strateji addımdır. Həmçinin ortaq baxışların formalaşdırılmasına xidmət edir".
Şimali Kipr Türk Respublikasının Xarici İşlər Naziri Tahsin Ertuğruloğlu bildirib ki, media və informasiya ölkəsi üçün vacib məqamdır:
"Onlar kollektiv yaddaşımızın, varlıq mübarizəmizin və qanuni hüquqlarımızın ayrılmaz tərkib hissəsidir. Media suverenliyimizin və kimliyimizin birbaşa müdafiə olunduğu strateji bir müstəvidir".