BAKI, 17 dekabr. TELEQRAF
İtaliyanın Ukraynaya təhlükəsizlik zəmanəti olaraq hərbi kontingent göndərmək planı yoxdur.
Teleqraf xəbər verir ki, bunu İtaliyanın Baş naziri Giorgia Meloni bildirib.
Onun sözlərinə görə, "könüllülər koalisiyası" sülh müqaviləsi imzalanacağı təqdirdə təhlükəsizlik zəmanəti olaraq Avropa qoşunlarının Ukraynaya göndərilməsi imkanlarını müzakirə edir.
"Təkrar edirəm ki, İtaliya öz əsgərlərini Ukraynaya göndərmək niyyətində deyil", - Meloni bildirib.
Avropa liderləri 14-15 dekabrda Berlində keçirilən danışıqlardan sonra Ukrayna üçün təhlükəsizlik zəmanətləri təmin etmək üçün "çoxmillətli qüvvə" yaratmağa hazır olduqlarını bəyan ediblər.
"Çoxmillətli qüvvə"nin "könüllülər koalisiyası"nın bir hissəsi kimi yaradılması planlaşdırılır.