Avropa kəşfiyyat qurumlarının məlumatına görə, Belçikanın aparıcı siyasətçiləri və maliyyə sektorunun yüksək vəzifəli rəhbərləri Rusiyanın hərbi kəşfiyyatı tərəfindən təşkil olunduğu iddia edilən təhdid və təzyiq kampaniyasının hədəfi olub.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Nəşr yazır ki, kampaniyanın məqsədi Belçikanı Ukraynaya dəstək üçün dondurulmuş Rusiyaya məxsus aktivlərin istifadəsini bloklamağa məcbur etməkdir.
Xüsusilə Rusiyanın dondurulmuş aktivlərinin əsas hissəsini saxlayan “Euroclear” depozitarının rəhbər heyəti və ölkənin siyasi liderləri diqqət mərkəzindədir.
Məlumata görə, Avropa İttifaqı liderləri Brüsseldə keçirilən görüşdə Rusiyanın Mərkəzi Bankına məxsus aktivlər hesabına Ukraynaya kredit ayrılması məsələsini müzakirə edirlər. Söhbət Ukraynanın 2026–2027-ci illərdə müharibə səylərini davam etdirməsi üçün vacib sayılan və ilkin mərhələdə 90 milyard avroluq kreditdən gedir.
Rəsmi şəxslər hesab edirlər ki, bu təzyiq kampaniyasının arxasında Rusiyanın GRU hərbi kəşfiyyat xidməti dayanır. Avropa rəsmilərindən biri bildirib ki, təhdid və qorxutma taktikalarından açıq şəkildə istifadə olunur.
Qeyd edək ki, Avropa İttifaqının dondurduğu Rusiyanın Mərkəzi Bank aktivlərinin 210 milyard avroluq hissəsindən 185 milyard avrosu Belçikada yerləşən “Euroclear”də saxlanılır. Belçika hökuməti isə bu vəsaitlərdən istifadənin hüquqi risklər yaratdığını bildirir və yalnız mümkün məhkəmə iddiaları zamanı “Euroclear”in tam kompensasiya olunacağına zəmanət verilərsə, razılıq verəcəyini açıqlayıb.
Rusiyanın rəsmi qurumları açıq şəkildə bəyan ediblər ki, bu aktivlərin istifadəsi “oğurluq” kimi qiymətləndiriləcək. Rusiya Mərkəzi Bankı “Euroclear”ə qarşı ölkə məhkəmələrində 230 milyard dollar məbləğində iddia qaldırmağa hazırlaşdığını da bildirib.
Belçika baş naziri Bart De Vefer daha əvvəl Rusiyanın aktivlərinin müsadirəsi halında Moskvanın ciddi cavab tədbirləri görəcəyinə dair xəbərdarlıq etdiyini açıqlamışdı.
Təhdidlərin konkret şəxslərə yönəldiyi barədə məlumatlara görə isə Belçika rəsmiləri təhlükəsizlik səbəbindən şərh verməkdən çəkinirlər.
Ukrayna tərəfi Avropa İttifaqının bu maliyyə dəstəyini ölkənin müdafiə imkanlarının qorunması baxımından həyati əhəmiyyətli sayır. Ekspertlərin fikrincə, əlavə maliyyə ayrılmazsa, Kiyev yaxın aylarda ciddi büdcə və müdafiə problemləri ilə üzləşə bilər.