ANKARA, 18 dekabr. TELEQRAF

Türk dövlətləri də bir qayda olaraq sistemli informasiyasiya təhdidlərinə məruz qalır.

Teleqraf-ın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, mürəkkəb coğrafiyalarda yerləşmiş ölkələrimizin geopolitik fəallığı artdıqca dezinformasiya dalğasının da miqyası genişlənir.

Onun sözlərinə görə, bu tendensiya bizim ümumi problemimizdir:

"Onun həlli, cəmiyyətlərimizin müqavimətinin gücləndirilməsi hamımızın birgə səyindən, həmrəyliyindən birbaşa asılıdır", - Ə. İsmayılov əlavə edib.

O qeyd edib ki, Azərbaycanda dezinformasiya problemi ölkəmizin beynəlxalq nüfuzu artmaqda davam etdikcə özünü daha qabarıq şəkildə büruzə verir.

"Xüsusilə, ölkəmizdə keçirilən böyük beynəlxalq tədbirlər zamanı müxtəlif qarayaxma kampaniyaları görünür. Bu kampaniyalar çaşqınlıq və qeyri-sabitlik səpmək üçün nəzərdə tutulur, çox vaxt bizim reputasiyamıza xələl gətirmək məqsədi daşıyan yalan hekayələr formasında özünü göstərir", - Ə. İsmayılov vurğulayıb.