BAKI, 18 dekabr. TELEQRAF

Dekabrın 15-də Türkiyənin hava məkanını pozduqdan sonra F-16 qırıcıları tərəfindən vurulan naməlum PUA ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti yazıb.

Türkiyə Müdafiə Nazirliyinin mənbələri nəşrə bildiriblər ki, hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri artırılıb və tədqiqat aparılıb:

“Qara dənizdən Türkiyənin hava məkanına daxil olan PUA-nın hansı ölkəyə aid olduğu barədə rəsmi açıqlama verilməsə də, texniki araşdırmalar davam edir.

Vurulan hava vasitəsinin Rusiya istehsalı “Orlan-10” olduğu bildirilib və PUA-nın qalıqları Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən ətraflı araşdırılıb.

Texniki araşdırmalar çərçivəsində PUA-nın mənşəyi, uçuş trayektoriyası və tapşırıq məqsədi öyrənilir.

Rəsmilər hadisənin diqqəti Rusiyaya yönəltmək üçün üçüncü bir ölkənin “bayraq əməliyyat”ı ola biləcəyi ehtimalını da istisna etmir. Başqa bir ehtimal isə PUA-nın idarəetmədən çıxaraq Türkiyəyə daxil olmasıdır”.

Xatırladaq ki, 2022-ci ildə də “Orlan-10” tipli bir PUA Gümüşhanedə dağlıq əraziyə düşmüşdü.