Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ABŞ və Venesuela arasında gərginliyin artmaması üçün tərəfləri təmkin nümayiş etdirməyə və vəziyyətin deeskalasiyasına çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsinin müavini Farhan Hak brifinqdə bildirib. Onun sözlərinə görə, BMT rəhbəri əsas diqqəti mümkün eskalasiyanın qarşısının alınmasına yönəldib.
“Baş katib daha da gərginliyin artmasının qarşısını almağa fokuslanıb və tərəfləri təmkinli olmağa, vəziyyəti dərhal deeskalasiya etməyə çağırır”, - deyə Farhan Hak vurğulayıb.
Qeyd edək ki, amerikalı jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Trampın dekabrın 18-də (Moskva vaxtı ilə) Venesuela ilə müharibənin başlandığını elan edə biləcəyini iddia edib.
Xatırladaq ki, daha əvvəl Donald Tramp Venesuela hakimiyyətini xarici terror təşkilatı kimi tanıdığını bəyan etmişdi.