ANKARA, 18 dekabr. TELEQRAF
"Dezinformasiya, yalan xəbərlər hər ötən gün daha da qarışıq və gərgin hal alır".
Teleqraf-ın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş Katibinin müavini Ömer Kocaman Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, təsirli mübarizə üçün birlikdə yanaşma vacibdir.
"Bu gün informasiya strateji gücdür. Türk Dövlətlərinin ortaq tarixi informasiya sahəsində də birgə əməkdaşlığa şərait yaradır. Bu forum keçmişdən bu günə olan birlikdə irəliləmənin bir davamıdır. Ortaq işlərimizin bir faydası olacağına inanıram", - o əlavə edib.
Onun sözlərinə görə, forum təxminən bir ay əvvəl Bakıda baş tutan Türk Dövlətləri Təşkilatının media və informasiya məsələlərinə cavabdeh nazirləri və yüksəksəviyyəli rəsmilərinin 7-ci iclasının nəticəsidir.
"Həmin iclasın mühüm nəticələrindən biri də bugünkü forumdur", - Ö.Kocaman qeyd edib.