BAKI, 18 dekabr. TELEQRAF
“Bir Könüllü” hərəkatında iştirak edən tələbələrin sayı 16 mindən 45 minə çatıb”
Teleqraf xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin 10 illik yubiley tədbirində çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, 2015-ci ildə bir könüllülük layihəsi təqdim olunanda bu hərəkatda cəmi 16 min tələbə iştirak edirdi:
“Hazırda ölkədə 300-dən çox tələbə təşkilatı fəaliyyət göstərir. Bir Könüllü” hərəkatında iştirak edənlərin sayı 45 minə çatıb. Hazırda 44 ali və orta ixtisas təhsili müəssisəsinin tələbələri bu hərəkat ətrafında birləşiblər. Onlar bu illər ərzində 800-dən çox yerli və beynəlxalq tədbirdə iştirak ediblər”, -o qeyd edib.
Qeyd edək ki, tədbir Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə təşkil olunub.
Yubiley tədbirində dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ali və orta ixtisas təhsil müəssisələrinin nümayəndələri, gənclər və könüllülər iştirak ediblər.
Bildirilib ki, təşkilat bu müddət ərzində 26 ali təhsil müəssisəsi və 18 orta ixtisas təhsili müəssisəsini əhatə edən şəbəkə formalaşdırmış, 8 şəhər üzrə 800-dən çox layihə və tədbir həyata keçirmiş, ümumilikdə 338 896 könüllü saatı qeydə alınıb.
Yubiley tədbirinin yekununda “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin fəaliyyətində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş 30 gənc könüllü mükafatlandırılıb.