BAKI, 18 dekabr. TELEQRAF

Fransanın birinci xanımı Bricit Makron Parisdə teatr tamaşası zamanı feminist etirazçılar haqqında təhqiramiz ifadə işlətdiyinə görə məhkəmə iddiası ilə üzləşib.

Teleqraf xəbər verir ki, feminist və qadın hüquqları təşkilatları daxil olmaqla 343 qadın Makrona qarşı ictimai təhqir maddəsi ilə şikayət edib. Şikayətə səbəb ötən həftə yayılan video olub. Kadrlarda Bricit Makron Parisdəki “Folies Bergère” teatrında səhnəarxasında aktyor və komediyaçı Ari Abittanla söhbət edərkən feminist etirazçıları axmaq qadınlar adlandırır.

Qeyd edək ki, Abittanın tamaşası bir gün əvvəl feministlər tərəfindən pozulmuş, onlar aktyoru zorlamada ittiham edərək etiraz etmişdilər. Bricit Makron həmin söhbət zamanı etirazçılar yenidən gələrsə, onları bayıra atacaqlarını da bildirmişdi.

Feminist qrupların vəkili Jülyett Şapel bildirib ki, Fransanın birinci xanımının sözləri xüsusi çəkiyə malikdir və bu ifadələr onun qadın haqları ilə bağlı ictimai mövqeyi ilə ziddiyyət təşkil edir.

Bricit Makron isə mediaya açıqlamasında qadınları incitmiş ola biləcəyinə görə üzr istədiyini, lakin bu sözlərin şəxsi söhbət olduğunu deyib. O əlavə edib ki, birinci xanım olsa da, hər şeydən əvvəl özüdür və şəxsi məkanında emosional davrana bilər.

Qeyd edək ki, şikayəti qaldıran feminist qruplar arasında “Les Tricoteuses Hystériques” adlı təşkilat da var. Bir sıra tanınmış simalar sosial şəbəkələrdə #salesconnes (axmaq qadınlar - red) həştəqi ilə feministlərə dəstək ifadə ediblər.