BAKI, 18 dekabr. TELEQRAF
Venesuela Prezidenti Nikolas Maduro BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığında Latın Amerikası regionunda gərginliyin artması təhlükəsi barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə Venesuela hökumətinin açıqlamasında bildirilir.
Məlumata görə, Maduro Venesuelaya qarşı artan siyasi, diplomatik və iqtisadi təzyiqlərin regional sülh üçün ciddi risk yaratdığını vurğulayıb. O, ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə Venesuelanın neftinə, təbii sərvətlərinə və ərazisinə dair səsləndirdiyi iddiaları kəskin tənqid edib və bu bəyanatları beynəlxalq hüquqa və dövlət suverenliyinə təhdid adlandırıb.
Prezident həmçinin Venesuelaya qarşı hərbi təhdidlərin gücləndiyini, venesuela nefti daşıyan tankerin ələ keçirilməsini və bu cür addımları “vəhşilik diplomatiyası” kimi qiymətləndirib. Maduro ölkəsinin dialoq və sülhə sadiq qalacağını bildirib.
Antonio Quterreş isə öz növbəsində eskalasiyadan qaçmağın vacibliyini vurğulayıb, regionda silahlı münaqişənin yolverilməz olduğunu və bunun Latın Amerikası və Karib hövzəsində sabitliyə ciddi zərər vuracağını qeyd edib.