BAKI, 18 dekabr. TELEQRAF
"Azərbaycanda keçirilən tədbirlərdə könüllülər hər zaman ön sıralarda yer alırlar. Bu tədbirlərin uğurlu keçməsinin səbəblərindən biri də məhz könüllülərdir".
Teleqraf xəbər verir ki, bunu Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin 10 illik yubiley tədbirində çıxışı zamanı deyib.
“Siz dövlətə və xalqınıza böyük xidmət göstərirsiniz. Bizim xalqın qanında, canında könüllülük var. Könüllülük hərəkatı qısa müddətdə geniş vüsət alıb. Onun fəaliyyəti təkcə bir sahə ilə məhdudlaşmır. Xoş haldır ki, ölkəmizdə könüllülərin əksəriyyəti gənclərdir, onların böyük hissəsi isə tələbələrdir. Təhsil sizi mütəxəssis kimi, könüllülük isə vətəndaş kimi formalaşdırır”, H.Nəsibov bildirib.