BAKI, 31 mart. TELEQRAF

“Göyərtəsində 60 ekipaj üzvü olan beş gəmi martın 21-dən Kamçatka körfəzində buzda qalıb”.

Teleqraf xəbər verir ki, bu barədə “Kamçattransflot”un direktoru İvan Kapralov “VKontakte” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Onun sözlərinə görə, hazırda buzqıran gəmi onlara doğru gedir: “Martın 21-də Kamçatka körfəzində, Ust-Kamçatsk yaxınlığındakı dəniz nəqliyyatı gəmisi səfərdə olarkən buzda qaldı. Başqa bir siklon keçdikdən sonra, buzqıran gəmi buzda qalan beş dəniz gəmisini və 60 dənizçini xilas etmək üçün əraziyə doğru yola düşüb”.

Kapralovun sözlərinə görə, siklonun keçidi zamanı gəmilər dalğa hündürlüyünün təhlükəsiz olduğu Ust-Kamçatskda lövbər salıblar. Siklon keçdikdən sonra cənub küləyi gəmiləri tələyə salan kiçik buz parçaları gətirib.

Qeyd edək ki, martın sonlarında bir neçə güclü siklon Kamçatkaya yağıntılar, güclü küləklər və buzlu şərait gətirib. Sularda fırtına xəbərdarlığı elan edilib.