BAKI, 2 aprel. TELEQRAF

Azərbaycanın ərazi bütovlüyünü bərpa etmək uğurunda mübarizəsinin yeni mərhələsi - Aprel döyüşlərindən 9 il ötür. 2016-cı il aprelin 2-dən 5-dək davam edən bu döyüşlər tarixə Aprel döyüşləri kimi düşdü. Orumuz bu savaşda işğaldakı torpaqları geri almağa yönəlmiş zəfərin təməlini qoydu.

Bu döyüşlər Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücumları ilə başladı. Qarşı tərəfin cəbhə xəttində gərginliyi artırması və təxribatlar törətməsi müharibə təhlükəsini daha da yaxınlaşdırdı.

Aprelin 2-dən başlayaraq Ordumuzun əks-hücumları - artilleriya və hava qüvvələrindən istifadə olunmaqla düşmənin təxribatlarını dayandırdı və bir çox strateji ərazilər geri alındı. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Qazaxlar kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi, Cocuq Mərcanlı kəndi və Goranboy rayonunun Gülüstan kəndi istiqamətində əhəmiyyətli strateji nöqtələr azad olundu. Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində də yollar azad edildikdən sonra 2,000 hektarlıq ərazi Azərbaycan Ordusunun nəzarətinə keçdi.

Ordumuz müasir döyüş texnologiyalarından - yüksək dəqiqlikli silahlardan istifadə edərək, Ermənistanın müdafiə xəttini sındırdı və böyük irəliləyişlər əldə etdi. Azərbaycan əsgərlərinin döyüş meydanında göstərdiyi qəhrəmanlıq və fədakarlıq, xalqın orduya olan inamını daha da artırdı.

Aprel döyüşlərinin nəticələri Azərbaycan üçün böyük əhəmiyyət kəsb edirdi. Bu döyüşlər yalnız hərbi baxımdan deyil, həm də beynəlxalq müstəvidə ölkəmizin mövqeyini gücləndirirdi. Aprel döyüşləri dövlətimizin Qarabağda öz ərazilərini bərpa etmək və qorumaq istəyini açıq şəkildə göstərdi. Həmçinin bunula Ermənistanın təcavüzkar siyasətinə qarşı diplomatik mövqeyimiz daha da güclənmiş oldu.

Aprel döyüşləri göstərdi ki, Azərbaycan yalnız hərbi gücünü öz torpaqlarını müdafiə etmək üçün istifadə edəcək, beynəlxalq hüququn çərçivələrində hərəkət edəcək. Ərazilərin geri alınması və strateji mövqelərdə irəliləyiş, həm də hərbi strategiya və taktikanın yüksək səviyyədə tətbiq olunduğunu nümayiş etdirdi. Bu mübarizə Qarabağ münaqişəsindəki davamlı mübarizəsinin yeni bir mərhələsi oldu. Bu savaşda əldə olunan təcrübə, Azərbaycanın gələcəkdə erməni işğalından azad etdiyi torpaqları geri qaytarmaq məqsədini güddüyü 44 günlük Vətən müharibəsinə əsaslı zəmin hazırlayırdı.

Azərbaycan Xarici İşlər Nazirliyi 2016-cı il aprelin 6-da Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulmasının davam etdirilməsinə dair məlumat yaydı. Məlumatda bildirilirdi ki, Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törədib. Bu müddət ərzində qarşı tərəf Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar edib. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla, 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb. Hücumlar nəticəsində, həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəyib. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub. Bu döyüşlərdə Ermənistan ordusunun 560 hərbçisi məhv edilib.

Bu savaş, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətini yenidən gündəmə gətirdi. Ermənistan və beynəlxalq ictimaiyyətə qarşı Azərbaycanın sülh çağırışlarını daha da gücləndirdi, öz torpaqlarını bərpa etmək istədiyini nümayiş etdirdi.

Aprel döyüşlərindən sonra, 2018-ci ildəki Günnüt əməliyyatı Azərbaycan Ordusunun döyüş əzmini və qələbə inamını bir daha sərgilədi. Bu əməliyyat Ordumuzun döyüş hazırlığının və strateji qabiliyyətinin yüksək səviyyədə olduğununun təsdiqi idi. Ardınca, 2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm dövrü oldu və Ermənistanı unutmayacağı bir dərslə üzləşdirdi.

44 gün ərzində, Azərbaycan Silahlı Qüvvələri BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına icra edərək, həm hərbi, həm də diplomatik sahədə böyük bir uğur əldə etdi. Bu döyüş, yalnız Azərbaycan üçün deyil, bütün dünyaya, ölkəmizin gücünü, iradəsini və beynəlxalq hüququn müdafiəsi sahəsindəki qətiyyətini bir daha nümayiş etdirdi.

Vətən müharibəsi Aprel döyüşlərinin təkrarlanan ruhunu və gücünü özündə əks etdirirdi. 30 ildən sonra Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın və digər ərazilərin işğaldan azad edilməsi, Aprel döyüşlərinin mühüm bir hazırlıq mərhələsi olduğunu göstərdi. Bu döyüşlər Azərbaycanın müasir döyüş təcrübəsini ortaya qoydu və Vətən müharibəsində əldə edilən böyük zəfər üçün əsas hazırlıq oldu.

Aprel döyüşləri, yalnız hərbi zəfərlə deyil, həm də Azərbaycan xalqının və ordusunun birliyini nümayiş etdirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclənən Orduya xalqımızın inamı daha da artdı.

Bu döyüşlərindən sonra Azərbaycan xalqı və ordusu daha da gücləndi, birləşdi və gələcəkdə ərazi bütövlüyü uğurunda mübarizəyə daha böyük inamla davam edəcəyini göstərdi. Aprel döyüşləri Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizənin vacibliyini bir daha gündəmə gətirdi. Bu mübarizənin zirvəsi olaraq, Vətən müharibəsində əldə edilən zəfər, Aprel savaşında qazanılan təcrübənin, qüvvənin və inamın bir nəticəsi idi. Çünki o döyüşlər 4 il sonra Azərbaycanı qələbəyə götürən Zəfərin başlanğıcı oldu.