BAKI, 1 aprel. TELEQRAF

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İspaniya hakimiyyəti tərəfindən irəli sürülən Avropa ordusunun yaradılması ideyasına skeptik yanaşıb.

Teleqraf xəbər verir ki, avropalı siyasətçi bu barədə “El Mundo” qəzetinə müsahibəsində danışıb.

“Düşünürəm ki, bizə 27 ordunun həqiqətən birgə işləməsi və imkanlar, o cümlədən sursatlar baxımından uyğunluğun təmin edilməsi lazımdır. Hər bir ölkənin öz hərbi planlaması və müdafiə büdcəsi var. Ona görə də NATO-nun bir ordusu, Avropanın isə başqa bir ordusu ola bilməz. Bu, təhlükəli olardı, çünki hərbi böhran zamanı ən vacib məsələ kimin kimə əmr verəcəyidir”, - Kallas vurğulayıb.

Ukrayna münaqişəsinə də toxunan nümayəndə qeyd edib ki, hər hansı sülh prosesi Avropa təhlükəsizliyinə də təsir göstərəcək. O, Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasını da istisna etməyib.

Xatırladaq ki, bundan əvvəl İspaniyanın hökumət başçısı Pedro Sançes regionda sülhün təmin edilməsi üçün vahid Avropa ordusunun yaradılmasını dəstəklədiyini bildirib.