
BAKI, 1 aprel. TELEQRAF
“İran nüvə silahı istehsal etmir. Lakin ABŞ hücum edəcəyi təqdirdə, məcbur qalıb kütləvi qırğın silahlarının istehsalına başlayacağıq”.
Teleqraf xəbər verir ki, bu sözləri İranın Ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneyinin müşaviri və parlamentin keçmiş sədri Əli Laricani dövlət televiziyasında iştirak etdiyi proqramda deyib.
Ə.Laricani bildirib: “İran nüvə silahı istehsal etmək gücünə malikdir. Amma Xameneyinin fətvasına uyğun olaraq, bunu etmirik. Görünür, İranın səhv etməsinə çalışırlar”.
Xatırladaq ki, Prezident Donald Tramp ABŞ ilə razılığa gəlməsə, İranı “əvvəllər heç vaxt görmədiyi kimi” bombalayacağı ilə hədələyib.
Xameneyi Trampın təhdidlərini həyata keçirməsi ehtimalını görmədiklərini, lakin istənilən hücuma sərt cavab verəcəklərini bildirib.
Qeyd edək ki, İranın dini rəhbəri 2000-ci illərin əvvəllərində kütləvi qırğın silahlarının istehsalını və ya istifadəsini qadağan edən fətva verib.