.jpg)
BAKI, 1 aprel. TELEQRAF
Rusiya lideri Vladimir Putin Ukraynada qeyd-şərtsiz atəşkəsə nail olmaq üçün ABŞ Prezidenti Donald Trampın aprelin 20-nə təyin etdiyi son tarixlə razılaşmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
ISW bildirir ki, Rusiya artıq Qara dənizdə müvəqqəti atəşkəs şərtini irəli sürüb və bunun müqabilində Qərb ölkələrindən “Rosselxozbank” və digər maliyyə təşkilatlarına qarşı sanksiyaları ləğv etmələrini tələb edib.
Üstəlik, Moskva Avropa İttifaqından (Aİ) Rusiyanın maliyyə qurumlarının SWIFT sisteminə qoşulmasını bərpa etməyi tələb edib. Amerikalı analitiklərə görə, atəşkəsin şərtləri hələ tam razılaşdırılmayıb və bu, aprelin 20-dək müvafiq razılığın əldə olunmasını çətinləşdirir.
ABŞ institutu iddia edir ki, Rusiya fəal şəkildə ABŞ və Ukrayna arasında minerallar üzrə sazişin bağlanmasına mane olmağa çalışır: “Moskva bu yolla Donald Tramp administrasiyasının məqsədlərinə zərbə vurmağa cəhd göstərir və özünü nadir torpaq elementlərinin satıcısı kimi göstərməyə çalışır”.
Bundan əlavə, analitiklər əmindirlər ki, Rusiya ilə ABŞ arasında mümkün iqtisadi əməkdaşlıq Kremli gələcəkdə Ukraynaya təkrar genişmiqyaslı hücumdan çəkindirə bilməyəcək.