BAKI, 1 aprel. TELEQRAF

Məşhur sahibkar İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamentinin (DOGE) əməkdaşları ABŞ Sülh İnstitutu tərəfindən qəsdən silinmiş məlumatları bərpa edə bilib.

Teleqraf xəbər verir ki, Mask bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“İstənilən dövlət qurumu çox güman ki, adının əksini ifadə edir. Onlar öz cinayətlərini ört-basdır etmək üçün terabaytlarla maliyyə məlumatlarını sildilər. Ancaq texnologiyanı başa düşmədiklərindən biz bu məlumatları bərpa etdik”, - paylaşımda qeyd olunub.

Bundan əvvəl “The Washington Post” qəzeti mənbələrə istinadən bildirmişdi ki, DOGE ABŞ Sülh İnstitutunun qərargahındakı demək olar ki, bütün əməkdaşların işdən çıxarılması barədə göstəriş verib.

Məlumata görə, təxminən, 200-300 əməkdaş ixtisara düşüb. Bəzilərinə isə işdən çıxarılmalarına qarşı şikayət etməmələri üçün kompensasiya və ya tibbi sığortalarının uzadılması təklif edilib.

Qeyd edək ki, ABŞ Sülh İnstitutunda hazırda təxminən 600 nəfər çalışır.