BAKI, 1 aprel. TELEQRAF

“Özgür Özelin gəldiyi nöqtə siyasi müxalifətçilik deyil, bütövlükdə Türkiyə üçün təhlükədir”.

Teleqraf xəbər verir ki, bu sözləri Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Ömər Çelik sosial şəbəkə hesabında deyib.

Hakim partiyanın nümayəndəsi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelin Türkiyə xalqını baykota çağırmasına sərt reaksiya verib: “Özelin səriştəsiz performansı siyasi tariximizdə ən böyük “siyasi fanatizm” və “ictimai parçalanma” kimi qeydə alınıb. Onun ictimai həyatı parçalamağa çalışmaqdan başqa heç bir müxalifətçilik qabiliyyətinin olmadığı açıq-aydın göründü. CHP-ni elə bir vəziyyətə salıb ki, virtual güc xəyalları bir yana qalsın, hətta müxalifətçilik qabiliyyətindən belə məhrum olub. Onun bütün fəaliyyəti siyasi fanatizmdən, təhdidlərdən, milli şirkətləri hədəfə almaqdan və sosial parçalanmadan ibarətdir”.

AKP rəsmisi CHP liderinin xalqdan dəstək almayacağını iddia edib: “Özelin Türkiyənin qazanclarına zərbə vurmaq üçün həyata keçirdiyi fəaliyyətlər yalnız özünə qarşı yönələcək. Xalqımız bu saxta siyasəti, aqressiv siyasətçiləri boykot edəcək”.