
BAKI, 15 mart. TELEQRAF.
ABŞ uyğurların Çinə deportasiyası ilə əlaqədar Taylanddan olan keçmiş və indiki məmurların ölkəyə girişini məhdudlaşdırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb .
Dövlət katibi Marko Rubionun konkret adlar çəkmədiyi, lakin bu addımı bir qədər əvvəl 40 uyğurun Çinə qovulması ilə əlaqələndirdiyi vurğulanır.
Martın 5-də "Reuters"-in adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ, Kanada və Avstraliya hakimiyyət orqanları uyğurlara sığınacaq verməyi təklif ediblər. O, ABŞ-nin “oxşar vəziyyətdən qaçmaq üçün uzun illərdir ki, Taylandla işlədiyini, uyğurları ABŞ da daxil olmaqla, başqa ölkələrə köçürməyi təklif etdiyini” deyib.
Xatırladaq ki, fevralın 27-də Tayland krallıqda son 11 ildə nəzarətdə saxlanılan 40 uyğuru Çinə deportasiya edib.