BAKI, 22 dekabr. TELEQRAF

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola Milad bayramından sonra futbolçuların çəkisinə şəxsən nəzarət edəcək.

Teleqraf “Goal” nəşrinə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis bayramla əlaqədar futbolçulara dekabrın 25-nə qədər istirahət verib.

“Futbolçular məndən dekabrın 20-də "Vest Hem"lə (3:0) matçdan sonra onlara istirahət günü verməyimi istədilər, amma mən cavab verdim ki, xeyr, çünki siz kifayət qədər yaxşı oynamadınız. Onlar çəkidən keçdilər və hər şey ideal idi. Amma 25-də yenidən çəkiləcəklər ki, çəki artımı olub-olmadığını görək. Üç günlük fasilədən sonra klubda olduqları vaxt mən onların vəziyyətini yoxlamaq istəyirəm. Mən şəxsən onların çəkisini yoxlayacağam. Futbolçular yeyə bilərlər, amma mən onları nəzarətdə saxlamaq istəyirəm. 27-də heyəti seçməli olacağam. Əgər indi futbolçu formadadırsa, amma sonra üç kiloqram artıq çəkidə qayıtsa, o, Mançesterdə qalacaq. O, Nottingemə getməyəcək”, — deyə, Qvardiola bildirib.

Qeyd edək ki, “Mançester Siti” dekabrın 27-də Premyer Liqanın XVIII turunda səfərdə “Nottingem Forest"lə qarşılaşacaq.