BAKI, 22 dekabr. TELEQRAF
Böyük Britaniyanın neft-qaz şirkəti BP “Qarabağ” yatağında seysmik kəşfiyyat işlərinə başlayıb.
Teleqraf xəbər verir ki, yüksək sıxlıqlı okean dibli seysmik qovşaqlardan (HDOBN) istifadə olunmaqla aparılan 3D seysmik tədqiqatların 2026-cı ilin mart ayınadək tamamlanması planlaşdırılır.
Tədqiqatların məqsədi ehtiyatlarla bağlı qeyri-müəyyənliyi azaltmaq, işlənmə planlaşdırılmasına məlumat bazası yaratmaq və yekun investisiya qərarlarının qəbulunu dəstəkləməkdir.
Qeyd edək ki, iyunda BP ş “Qarabağ” yatağından ilk neftin 2029-cu ilin sonunadək hasil olunmasının nəzərdə tutulduğunu açıqlayıb. Hasil ediləcək neft və qaz Azəri-Çıraq-Günəşli sualtı infrastrukturu vasitəsilə sahilə çatdırılacaq.
İlkin qiymətləndirmələrə görə, “Qarabağ” yatağında geoloji neft ehtiyatları 60 milyon ton təşkil edir. Çıxarıla bilən neft ehtiyatlarının həcmi 21 milyon ton (155 milyon barel), təbii qaz ehtiyatları isə 13 milyard kubmetr səviyyəsində qiymətləndirilir.