BAKI, 22 dekabr. TELEQRAF

Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncama əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 15 300 000 (on beş milyon üç yüz min) manat ayrılacaq.

Sərəncamın icrası Nazirlər Kabineti, Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.