BAKI, 22 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın sülh planı üzrə güzəştlər Rusiya lideri Vladimir Putini qane etməyəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Entoni Blinken deyib.

Siyasətçi Donald Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə planı çərçivəsində irəli sürülən güzəştlərin sülh sazişi bağlamaq üçün işə yarayıb-yaramayacağı sualına belə cavab verib:

“Qısa cavab verim: xeyr. İki səbəbə görə. Birincisi, ukraynalılardan könüllü olaraq ərazilərindən imtina etmələrini tələb etmək çox çətindir, çünki bu halda təcavüz Rusiyaya fayda gətirəcək. İkincisi, hətta Rusiyanın bütün tələblərinin yerinə yetirilməsi də Vladimir Putini qane etməyəcək”.

Blinkenin sözlərinə görə, ilk addım olaraq Putin bütün Donbas üzərində nəzarəti ələ keçirmək istəyir, daha sonra Kreml lideri bu və ya digər şəkildə bütün Ukraynanı ələ keçirməyə çalışır:

“O, Ukraynanı müstəqil bir ölkə kimi neytrallaşdırmaq istəyir. Onu bu və ya digər formada Rusiyaya bağlamaq istəyir. Məqsəd budur”.