BAKI, 22 dekabr. TELEQRAF

ABŞ-nin Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin məsul əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, Amerika səfirliyi ilə 2003-cü ildən 2018-ci ilə qədər mənzil təminatı üzrə köməkçi vəzifəsində işlədiyini deyib: "1997-ci ildə səfirin sürücüsü olmuşam. Mənə təqdim olununan cinayət işi ilə əlaqəm yoxdur. İşlədiyim vaxt ərzində təmin etdiyim evlərdə 70-dən çox amerikalı ailə yaşayıb. İşdən öz xahişimlə çıxmışam. Səfirlikdə xüsusi çalışan adamlara "green cart" verirlər. Mən də Amerikaya getmək istəyirdim. Amerikaya getsəydim bunlar baş verməyəcəkdi. Artıq çarəm qalmayıb. Neynəyim, gedib səfirliyin qarşısında özümü yandırım? Bu vaxt ərzində xəstəlik tapmışam. Mən özümü təqsirli bilmirəm".

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğunu bildirib.

Növbəti məhkəmə prosesi yanvarın 19-na təyin olunub.

İttihama görə, Rafiq Göyüşov Nəsimi rayonu, S. Vurğun küçəsində yerləşən “Turkish Red Bricks” yaşayış kompleksində diplomatik korpusun işçilərinə kirayə mənzillərin tutulması və avtomobillərin parklanması üçün əlavə ödənişlərin həyata keçirilməsinin zəruriliyini səfirliyinin aidiyyəti vəzifəli şəxslərinə bildirib, onları aldadıb.

O, inam yaratmaq üçün cinayətin törədilməsinə aidiyyəti olmayan tanışı Azər Səmədovu səfirlik əməkdaşlarının yaşadığı yaşayış binalarında təsərrüfat və digər bu kimi işlərdən məsul olan şəxs kimi təqdim edib. Əldə olunan pullar Səmədovun bank hesabına köçürülüb.

İstintaq materiallarına əsasən, Göyüşovun qanunsuz əməllərindən biri xaricdən gələn səfir və digər diplomatların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin ələ keçirilməsi ilə bağlıdır. Məsələn, qonaq üçün günlük 200 manata kirayə mənzil tutulduğu halda, o, sənədlərdə bu məbləği 400 manat kimi göstərib. Bu və digər oxşar halların nəticəsində yarım milyondan artıq vəsait ələ keçirilib.

Qeyd edək ki, Rafiq Göyüşov dəymiş ziyanı ödəməyib. Təqsirli bilinərsə, onu 10 ildən 14 ilədək həbs cəzası gözləyir.

Rafiq Göyüşova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində məhkəməyə qədər polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.