BAKI, 22 dekabr. TELEQRAF
Türkiyə xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Suriyaya səfər edib.
Teleqraf xəbər verir ki, Dəməşqdə tərəflər arasında planlaşdırılan görüşlərdə Türkiyə-Suriya münasibətlərinin siyasi, iqtisadi və təhlükəsizlik aspektləri üzrə son bir illik vəziyyəti ətraflı müzakirə olunacaq.
PKK terror təşkilatının qanadı SDQ-nin Suriya ordusuna inteqrasiyasına dair bu il martın 10-da əldə edilmiş razılaşmanın icrası ətrafında geniş fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində İsrailin hücumları fonunda Suriyanın cənubunda yaranan təhlükəsizlik riskləri də diqqət mərkəzində olacaq.
İŞİD terror təşkilatının yenidən canlanmasının qarşısını almaq üçün əməkdaşlıq məsələləri də müzakirə ediləcək.
Görüşün diqqət mərkəzindəki təhlükəsizlik məsələləri ilə yanaşı, Suriyanın yenidən qurulması üçün ikitərəfli səviyyədə həyata keçirilən layihələr və Dəməşqin potensialının artırılması istiqamətində dəstək tədbirləri də qiymətləndiriləcək.